
Kopenhagen.Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kopenhagendə
Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.
Trend xəbər
verir ki, dövlətimizin başçısı Moldovada keçirilmiş parlament
seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və
Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini
çatdıraraq, bu seçkilərin Moldova xalqının iradəsini əks
etdirdiyini dedi.
Moldova Prezidenti təbriklərə görə təşəkkürünü ifadə etdi. O da
öz növbəsində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında Amerika
Birləşmiş Ştatlarının şahidliyi ilə sülh gündəliyi üzrə əldə
olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik
etdi.
Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı
Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı əldə
olunmuş nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini bildirdi.
Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə
dair fikir mübadiləsi aparıldı, xüsusilə də enerji sahəsində
əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı.
Prezident Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac
duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək
qiymətləndirildiyini qeyd etdi.

