Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması zəruridir – AQTA

Baş səhifə

Bakı. Trend:

Amerika ağ kəpənəyi respublika ərazisində məhdud dairədə
yayılan, karantin tətbiq edilən zərərvericidir. Azərbaycanda Bakı,
Abşeron-Xızı, Quba-Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala
iqtisadi rayonlarının bəzi ərazilərində rast gəlinir.

Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, iqlimə uyğun olaraq il ərzində bir neçə nəsil
verə bilir. Zərərvericinin sürfələri yarpaq ayasının əsas toxuması
ilə qidalanaraq bitkinin yaşıl kütləsinə ziyan vurur. Meyvə
bitkilərinə vurduğu ziyan isə məhsul itkisi ilə nəticələnir. Üçüncü
yaş mərhələsində olan sürfələr bir neçə yarpağı bir-birinə
bağlayaraq tor yuvalar qurub, sürü halında yayılır və budaqdan
budağa keçir. Beşinci yaş mərhələsindən etibarən sərbəst həyat
tərzinə qayıdırlar. Azərbaycan şəraitində əsasən tut ağacına ziyan
vurur.




Amerika ağ kəpənəyinə qarşı aparılan fitosanitar tədbirlərin
əsas məqsədi zərərvericinin sayını azaltmaqdır. Ən təhlükəsiz
mübarizə üsulları park, yol kənarı və həyət sahələrində torlar olan
budaqları kəsmək və yandırmaq, tırtılları mexaniki yolla məhv
etməkdir. Zərərvericidən qorunmaq üçün payız və erkən yaz dövründə
meyvə ağaclarının ölmüş qabıqlardan təmizlənməsi, gövdənin
əhənglənməsi, bitki qalıqlarının toplanması və məhv edilməsi, meyvə
bağlarında və həyətyanı sahələrdə isə ağacların çətirləri altında
torpağın şumlanması işləri yerinə yetirilməlidir.

Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınmasında hər
kəsin iştirakı vacibdir. Zərərvericini mexaniki yolla məhv etmək
mümkün olmadıqda, aidiyyəti qurumlara məlumat verilməsi xahiş
olunur.