Azərbaycanda səfərdə olan Özbəkistan nümayəndə heyəti Zəfər abidəsini ziyarət edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

29 sentyabr 2025-ci il tarixində II Azərbaycan – Özbəkistan
Media Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Özbəkistan
nümayəndə heyəti Medianın İnkişafı Agentliyinin İcraçı direktoru
Əhməd İsmayılov və Audiovizual Şuranın sədri İsmət Səttarov ilə
birgə Zəfər parkında olub, Vətən müharibəsi şəhidlərinin xatirəsinə
ucaldılmış Zəfər abidəsini ziyarət edib.

Trend
xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat
yayıb.




Bildirilib ki, nümayəndə heyəti abidənin önünə gül dəstələri
düzərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda
canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini
ehtiramla yad edib. Qonaqlara Azərbaycan xalqının Vətən
müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda
yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi
məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat
verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın
3-də imzaladığı Sərəncamla inşası davam etdirilən layihəyə əsasən
torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu,
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və
zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə
kompleksin ərazisində Zəfər muzeyi də yaradılır.