Valideynlərini itirmiş uşaqlarla bağlı qanunlarda dəyişiklik edilir

Baş səhifə

Bakı. Trend:

Qanunvericilikdəki “valideynlərini itirmiş uşaqlar” anlayışı
“valideyn himayəsindən məhrum olmuş uşaqlar” kimi təsbit
ediləcək.

Trend xəbər
verir ki, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin
bugünkü iclasında müzakirə olunan bir sıra məcəllə və qanunlarda
dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, “Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında” Qanunda “valideynlərini itirmiş” və “valideyn
himayəsindən məhrum olmuş” uşaq anlayışları fərqli kateqoriyalar
kimi müəyyən edilib.




Lakin Ailə Məcəlləsi, eləcə də “Uşaqların valideyn himayəsindən
məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin
gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanında
“valideyn himayəsindən məhrum olmuş uşaq” adı altında vahid bir
anlayışdan istifadə olunur.

Bu xüsusda təklif olunan dəyişikliklərə əsasən, “Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial
müdafiəsi haqqında” Qanunda “valideynlərini itirmiş uşaqlar”
anlayışı “valideyn himayəsindən məhrum olmuş uşaqlar” anlayışı kimi
təsbit ediləcək.

Eyni zamanda layihədə digər normativ hüquqi aktlara yuxarıda
qeyd olunan zərurətdən irəli gələn uyğunlaşma çərçivəsində müvafiq
dəyişikliklərin edilməsi nəzərdə tutulur.