
Bakı. Trend:
Azərbaycanda “yaşıl hidrogen”in maya dəyəri LCOE-su (enerji
vahidinin maya dəyəri) kiloqramı 3 avro olaraq
qiymətləndirilib.
Trend xəbər
verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan
Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna
Hümbətova Bakıda keçirilən “Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan
və Mərkəzi Asiya” adlı tədbirdə məlumat verib.
O, qeyd edib ki, Azərbaycana Avropa Yenidənqurma və İnkişaf
Bankı (EBRD) dəstək göstərib və hidrogen iqtisadiyyatı üzrə
tədqiqat aparılıb: “Bu, “Worley Consulting Group” ilə bir il davam
edən araşdırma idi və LCOE (enerji vahidinin maya dəyəri) üzrə
maraqlı nəticələr əldə olundu. Araşdırmanın tam hesabatı dərc
edilmədi, lakin xülasəsi veb səhifəmizdə yerləşdirildi. Hesabatda
yaşıl hidrogenin LCOE-si təxminən kiloqramı 3 avro olaraq
qiymətləndirilib. Bu, kifayət qədər rəqabətədavamlı görünür. Lakin
nəticələr hələ tam əsaslı deyil. Çünki bizim fikrimizcə, bütün
resurslar üzrə aydın baxış formalaşdırmaq lazımdır. Araşdırma
göstərdi ki, mavi hidrogen yaşıl hidrogendən bir qədər ucuz ola
bilər. Ancaq Avropada mavi hidrogenlə bağlı tənzimləmə hələ
formalaşmayıb”.
Agentlik rəsmisi vurğulayıb ki, əslində, Azərbaycan illərdir
hidrogen istehsalçısıdır: “Neft-qaz sənayesi inkişaf etmiş ölkə
kimi biz “boz hidrogen” istehsalını və onun təhlükəsizlik
qaydalarını yaxşı bilirik. Amma karbonun tutulması və saxlanması
(CCS), yaxud karbonun tutulması, istifadəsi və saxlanması (CCUS)
üzrə əlavə tədqiqatlara ehtiyac var. Burada da Azərbaycan üçün
yaxşı baza mövcuddur. Çünki bizdə tükənmiş yataqlar var, onların
tutumunu Norveçin etdiyi kimi istifadə etmək olar. Bundan başqa,
mövcud boru xətləri də var və onların karbon tutma və saxlanma
məqsədilə yenilənməsi vacibdir.
Avropanın dekarbonizasiya hədəfləri var. Buna görə də onlar
bütün innovativ texnologiyalardan istifadə imkanlarını nəzərdən
keçirirlər. Hətta neft-qaz şirkətləri üçün karbon tutma və saxlama
texnologiyalarından istifadənin məcburi olacağı barədə də
danışılır. Azərbaycan isə inkişaf etməkdə olan, neft-qaz əsaslı
ölkədir. Təbii ki, bizim aktivlərimiz mövcuddur. Digər tərəfdən,
təbii qaz Azərbaycanda kifayət qədər ucuzdur. Ona görə də sosial
təsirləri, dövlətin maraqlarını və digər amilləri nəzərə almaq çox
vacibdir.
Araşdırmada həm də su məsələsinə toxunduq”.
Azərbaycanda su ilə bağlı ciddi problemlərin olduğunu diqqətə
çatdıran agentlik rəsmisi qeyd edib ki, nəticələrə əsasən, hidrogen
istehsalı üçün Xəzər dənizinin suyundan istifadə etmək olar: “Bu su
duzlu deyil, yarı-duzludur, amma yenə də təmizlənməlidir ki, bu da
əlavə xərc deməkdir. Digər tərəfdən, tullantıların Xəzərə atılması
da ekoloji problem yarada bilər. Onsuz da Xəzər dənizində səviyyə
ildən-ilə azalır və bu, biomüxtəlifliyə zərər vurur. Buna görə də
çox ehtiyatlı davranmaq lazımdır”.


