Bakı. Trend:
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 25 sentyabr 2025-ci il
tarixində BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində
təşkilatın Nyu York şəhərində yerləşən mənzil qərargahında “Bujival
razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa
dekolonizasiya?” adlı beynəlxalq konfrans keçirilib.
Trend xəbər verir
ki, konfransda Fransanın Dənizaşırı əraziləri — Kanaki (Yeni
Kaledoniya), Qvadelup, Martinik, Reyunyon, Mahoi Nui (Fransız
Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra,
Aruba, Sen Martin kimi müstəmləkə ərazilərində fəaliyyət göstərən
müstəqillik hərəkatlarının liderləri, dekolonizasiya üzrə
beynəlxalq ekspertlər, həmçinin əsası Bakıda qoyulmuş Beynəlxalq
Dekolonizasiya Cəbhəsinin nümayəndələri iştirak edib.
Konfransda Fransa tərəfindən “sabitlik və birgə gələcək” kimi
təqdim edilən Bujival razılaşmasının əsl mahiyəti müzakirə edilib,
bu sazişin şərtləri Yeni Kaledoniyanı müstəqilliyə çatdırmalı
olduğu Matinyon və Noumea sazişləri ilə müqayisə edilib.
Tədbirdə Kanak xalqının nümayəndələri Bujival sazişini niyə rədd
etdiklərini geniş ictimaiyyətə açıqlayıblar.
Konfransda həmçinin Bujivaldan sonrakı dövrdə Kanaki (Yeni
Kaledoniya) və digər Dənizaşırı ərazilərin gələcəyi, Fransa
tərəfindən BMT qarşısında götürülmüş, lakin uzun illərdir icra
edilməyən öhdəliklərin yerinə yetirilməməsinin beynəlxalq
təşkilatların gündəliyində saxlanılması məsələləri, həqiqi
dekolonizasiya prosesinə keçidin yolları və bu xüsusda birgə
addımların atılması diqqət mərkəzində olub.
Konfransın sonunda birgə bəyanat qəbul edilib.
Tədbir bitdikdən sonra koloniyaların təmsilçiləri tərəfindən BMT
ofisinin qarşısında dinc etiraz aksiyası keçirilib.

