MABUX bunker yanacağının dəyərinin artmasının səbəbini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Emissiya kvotalarının bahalaşması ilə əlaqədar bunker
yanacağının dəyəri artmaqda davam edəcək.

Trend xəbər verir
ki, bunu “Marine Bunker Exchange” (MABUX) icraçı direktoru Sergey
İvanov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft emalı,
Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda çıxışında
deyib.

Sergey İvanov vurğulayıb ki, Avropada 2024-cü il yanvarın 1-dən
emissiya ticarəti sistemi tətbiq olunub və bu çərçivədə gəmi
sahibləri və operatorlar karbon qazı emissiyalarına görə kvotalar
əldə etməyə məcburdurlar. 2024-cü ilə dair kvotaların ödənişi üzrə
ilk dedlayn gəmi sahibləri və operatorlar üçün cari ilin oktyabr
ayında müəyyən edilib.




Onun sözlərinə görə, emissiya kvotalarının artması tədricən
bahalaşmaya gətirib çıxaracaq. Belə ki, 2025-ci ildə bunker
yanacağının qiyməti adi dəyərə nisbətdə 17 faiz, 2026-cı ildə isə
22 faiz artacaq.

Proqnozlara əsasən, 2036-cı ilə qədər dəniz qazoylunun qiyməti
tonuna görə 1 200 dollara, aşağı kükürdlü mazutun qiyməti isə
təxminən 1 000 dollara yaxınlaşacaq.