Bakı. Trend:
Qazaxıstanda yanacağa sərbəst qiymətqoymanın tətbiqi ölkədə
yanacaq-sürtkü materiallarının (YSM) qanunsuz çıxarılmasının
qarşısını almağa, tədarük bazarlarını sabitləşdirməyə və kəsiri
azaltmağa kömək edəcək.
Trend xəbər verir
ki, bunu Qazaxıstanın “RV- Oil&Gas” şirkətinin baş direktoru
Rəsul Abduxalilov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft
emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda
çıxışında söyləyib.
“Bununla yanaşı, bu addım birja ticarətinin inkişafı və uzaq
regionlarda avtomobil yanacaqdoldurma məntəqələrinin şəbəkəsinin
genişləndirilməsi üçün əlavə stimul yaradacaq. Regional bazara
təsirinə gəlincə, gözlənilir ki, tənzimləmənin ləğvi qonşu
ölkələrlə qiymətlərin tədricən bərabərləşməsinə gətirib çıxaracaq”,
– deyə o bildirib.
Rəsul Abduxalilovun sözlərinə görə, sərhədyanı regionlarda bu,
bazar arbitrajı üçün daha çox imkan yaradacaq. Rusiyanın neft emalı
zavodlarına yaxın olan bölgələr onları potensial təchizatçı kimi
nəzərdən keçirəcək.
“Beləliklə, əvəzləmə sistemi üzrə axınların yenidən
bölüşdürüləcəyini proqnozlaşdırmaq olar: məsələn, YSM Rusiyadan
Qazaxıstanın şimalına gətiriləcək, Qazaxıstandan isə yanacaq
Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq. Bu, logistika xərclərinin
azalmasına, nəticə etibarilə isə Mərkəzi Asiyada topdansatış və
pərakəndə qiymətlərin enməsinə imkan verəcək”, – deyə Abduxalilov
deyib.

