Macarıstan milli statistikaya müasir təhlil metodlarını inteqrasiya edir – Aron Kinçeş

Baş səhifə

Bakı. Trend:

Macarıstan statistika sahəsinin transformasiyasına hazırlaşır,
bunun üçün müasir məlumat mənbələrinin geniş çevrəsindən və
qabaqcıl təhlil üsullarından istifadə edir.

Trend xəbər verir
ki, bunu Macarıstanın Statistika Komitəsinin sədri Aron Kinçeş
Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda deyib.

“Statistika yol ayırıcındadır. Bizdə məlumat mənbələri boldur:
milli, inzibati, siyahı şəklində, iri məlumatlar, peyk məlumatları,
hətta “ağıllı məlumatlar”. Məqsədimiz müasir metodları, o cümlədən
süni intellekti inteqrasiya etməklə verilənlərin şaxələndirilmiş və
müasir portfoliosunu hazırlamaqdır”, -deyə Kinçeş bildirib.




O izah edib ki, müxtəlif mənbələrdən istifadə statistikanın
keyfiyyətini artıracaq və məlumatların hazırlanması üçün tələb
olunan vaxtı azaldacaq. Strategiyada məlumatların praktik tətbiqinə
xüsusi diqqət yetirilir.

“Yeni layihə sayəsində biz pərakəndə ticarət üzrə məlumatların
toplanması sistemini yeniləmişik. Bunun üçün real vaxt rejimində
məlumat təqdim edən onlayn kassa aparatlarından istifadə edirik.
Bu, bizə daha dəqiq və operativ məlumat əldə etməyə imkan verir,
xüsusilə koronavirus pandemiyası kimi böhran dövrlərində”,- deyə
komitə sədri vurğulayıb.