
Bakı. Trend:
2028-ci il Los-Anceles Olimpiya Oyunlarının məşəli ilk dəfə
olaraq ABŞ-ın 50 ştatının hamısından keçəcək. Təşkilatçılar
çərşənbə axşamı bildiriblər ki, məşəlin yürüşü Corciya ştatından
başlayacaq.
Məşəl 1996-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmiş
ABŞ-ın sonuncu şəhəri olan Atlantadan yola düşəcək və yürüşünü
Los-Ancelesin yerləşdiyi Kaliforniya ştatında başa vuracaq.
“Bütün Olimpiya Oyunları vahid məşəllə başlayır və bu məşəli
Los-Ancelesə qədər aparmaq böyük şərəf və imtiyazdır. Biz bu şərəfi
ölkənin hər yerindəki insanlarla bölüşəcəyik, çünki 50 ştatın
hamısından olan amerikalılar məşəli açılış mərasimimizə qədər onun
marşrutu boyunca daşıyacaqlar”, — deyə LA28 Təşkilat Komitəsinin
prezidenti Keysi Vasserman bildirib.
2028-ci ilin yazında başlayacaq məşəl yürüşünün marşrutu ilə
bağlı təfərrüatlar 2027-ci ildə açıqlanacaq.
Ənənəyə uyğun olaraq, məşəl ilk olaraq qədim dövrdə Olimpiya
Oyunlarının vətəni olan Yunanıstanın Olimpiya şəhərində
alovlandırılacaq. Daha sonra o, Atlantaya aparılacaq.
1996-cı ildə məşəl 42 ştatdan, hətta “Kolumbiya” kosmik
gəmisinin göyərtəsində kosmosdan keçmişdi. 1984-cü ildə, yenə
Los-Ancelesdə keçirilən Olimpiya Oyunları zamanı isə məşəl 33 ştatı
dolaşmışdı.
2028-ci il Los-Anceles Olimpiya Oyunları iyulun 14-dən 30-dək
keçiriləcək.

