Bakı. Trend:
İspaniya hökuməti ölkədə icazəsiz işləyən və ya qalan yüz
minlərlə miqranta qanuni status verilməsi niyyətini açıqlayıb.
Trend xəbər verir
ki, bu barədə “Associated Press” (AP) Sosial İşlər və Miqrasiya
naziri Elma Saisə istinadən məlumat yayıb.
Nazir təşəbbüsü şərh edərkən jurnalistlərə “Bu gün tarixi bir
gündür” deyə bildirib.
Onun sözlərinə görə, müvafiq fərmanın qüvvəyə minməsi
planlaşdırılan aprel ayından etibarən immiqrantlar leqallaşdırma
üçün müraciət etməyə başlaya biləcəklər. Qanuni status 31 dekabr
2025-ci il tarixinədək İspaniyaya gələn, ölkədə ən azı beş ay
yaşayan və cinayət qeydi olmayan şəxslərə şamil olunacaq.
Müxtəlif hesablamalara əsasən, İspaniya hökumətinin bu planından
500 minlə 800 min arasında miqrant yararlana bilər. Onların
əksəriyyətinin Latın Amerikası və Afrika ölkələrindən olduğu,
əsasən kənd təsərrüfatı, turizm və xidmət sektorlarında çalışdığı
bildirilir.

