
Bakı. Trend:
“RJD Logistika” “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi
çərçivəsində İranla marşruta Rusiyanın yeni bölgələrini qoşmağı
planlaşdırır.
Bunu Trend-ə
şirkətin mətbuat xidmətindən bildiriblər.
“RJD Logistika”dan bildirilib ki, 2025-ci ilin noyabrında
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində ilk dəfə
olaraq İrandakı Aprin quru limanına konteyner qatarı
göndərilib.
“Bu daşınma marşrutun genişləndirilməsinin növbəti mərhələsidir
və 2025-ci ilin yazında Aprin logistika kompleksinin istifadəyə
verilməsi sayəsində mümkün olub. Göndərişlər artıq müntəzəm
xarakter alıb ki, bu da alternativ marşruta tələbatın olduğunu
təsdiqləyir. Perspektivdə bu istiqamət Rusiya – BRİKS ölkələri və
əks istiqamətdə daşımaların həyata keçirilməsi üçün əsas
marşrutlardan birinə çevrilə bilər”, – deyə şirkətdən
bildirilib.
“RJD Logistika”nın mətbuat xidməti vurğulayıb ki, marşrutun
genişləndirilməsinin məqsədi təkcə Rusiya üçün deyil, bütövlükdə
Avrasiya üçün müştərilər, biznes və iqtisadiyyat baxımından yeni
imkanların yaradılmasıdır.
“Planlara Rusiyanın müxtəlif regionlarının marşruta qoşulması,
çatdırılma müddətlərinin daha da sürətləndirilməsi və nəqliyyat
infrastrukturunun inkişafı daxildir. Hazırda Rusiyadan ixrac
göndərişləri, əsasən Şimal dəmir yolu poliqonundan həyata
keçirilir. Rusiya–İran–Hindistan–Şərqi Afrika xətti üzrə yük
axınının artmasında İranın rolunun güclənməsi nəzərə alınaraq,
İranla logistika əməkdaşlığı genişləndiriləcək”, – deyə mətbuat
xidmətindən əlavə edilib.
Eyni zamanda “RJD Logistika” qeyd edir ki, İran üzərindən
tranzit daşımaların həcmi ilə yanaşı, İran bazarının özü də Rusiya
ixracatçıları üçün maraqlıdır – istehsalçılar artıq məhsullarını
dəmir yolu nəqliyyatı ilə İranın müxtəlif şəhərlərinə çatdıra
bilirlər.
“İranın Şərq–Qərb və Şimal–Cənub dəmir yolu dəhlizlərinin
kəsişməsində yerləşən yeni Aprin quru limanı bu baxımdan mühüm
logistika qovşağına çevriləcək”, – deyə şirkətdən bildirilib.


