
Bakı. Trend:
Bu gün informasiya sadəcə məlumat deyil. O, təsir, nəzarət və
hətta silah alətinə çevrilib.
Trend xəbər
verir ki, bunu Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad
Salimov “Rəqəmsal transformasiya və media” mövzusunda keçirilən II
Azərbaycan-Özbəkistan media forumunda deyib.
O bildirib ki, məhz buna görə informasiya təhlükəsizliyinin
təmin edilməsi bizim ümumi prioritetimizdir – dövlətlərin,
cəmiyyətlərin və xalqların marağıdır.
“Hər bir dövlət və cəmiyyət rəqəmsal alətlərdən səmərəli
istifadə edərək informasiya məkanının fəal və məsuliyyətli
iştirakçısına çevrilməlidir. Yalnız bu halda rəqəmsal imkanlar
dayanıqlı inkişafa və beynəlxalq həmrəyliyin möhkəmlənməsinə xidmət
edə bilər”, – deyə Salimov vurğulayıb.
Onun sözlərinə görə, bu gün informasiya ən güclü resursdur.
“Bizim vəzifəmiz onu qorumaq, düzgün yaymaq və xeyir naminə
istifadə etməkdir. Media əməkdaşlığı vasitəsilə biz təhdidlərə
effektiv reaksiya verə, dezinformasiyaya qarşı dura və media
məkanında etimad mühitini formalaşdıra bilərik”, – deyə o qeyd
edib.


