Vyetnamda partlayış nəticəsində 6 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Vyetnamın paytaxtı Hanoyda restoranda baş verən partlayış
nəticəsində altı nəfər həlak olub, 10 nəfər yaralanıb, binanın bir
hissəsi çöküb.

Hadisə noyabrın 24-də səhər saat 08:00 radələrində şəhərin Nquen
Van Tuet küçəsində baş verib.

Yaralıların hamısı paytaxtdakı üç tibb müəssisəsinə
yerləşdirilib. Onlara təcili tibbi yardım və reanimasiya xidmətləri
göstərilir.




Vyetnamın Baş naziri Le Min Hunq xəstəxanalara baş çəkərək
yaralıların vəziyyəti ilə maraqlanıb və onların müalicəsi üçün
bütün zəruri tibbi resursların səfərbər olunmasını tapşırıb. O,
həlak olanların ailələrinə başsağlığı verib, tibb işçilərinə isə
ağır xəsarət alan xəstələrə xüsusi diqqət yetirməyi tapşırıb.

Baş nazir yerli hakimiyyət orqanlarına həlak olanların və
yaralananların ailələrinə maddi və mənəvi dəstək göstərməyi,
həmçinin sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə hadisə
nəticəsində zərər görmüş qonşu binaları yoxlamağı və zərurət
yarandıqda möhkəmləndirmə işləri aparmağı tapşırıb.

O, həmçinin partlayışın səbəblərinin qısa müddətdə müəyyən
edilməsini və qanun pozuntuları aşkarlandığı təqdirdə sərt
tədbirlər görülməsini tələb edib.