
Bakı.Trend:
“Uzbekneftqaz” Səhmdar Cəmiyyəti və Azərbaycanın Dövlət Neft
Şirkətinin (SOCAR) nümayəndələri arasında əməkdaşlığın daha da
inkişaf etdirilməsinin perspektivləri müzakirə olunub.
Müzakirələrdə əsas diqqət birgə layihələrin reallaşdırılmasına
yönəldilib.
Trend bu barədə
“Uzbekneftqaz” SC-ə istinadən xəbər verir.
Müvafiq məsələlər “Uzbekneftqgaz” SC-nin İdarə Heyətinin sədri
Abduqani Sanginov ilə SOCAR-ın vitse-prezidenti Arzu Cavadova
arasında keçirilən görüşdə nəzərdən keçirilib.
Tərəflər qeyd ediblər ki, öncəki görüşdən etibarən əməkdaşlıq
ardıcıl şəkildə inkişaf edir və mühüm nəticələr əldə olunub.
Xüsusilə, birgə fəaliyyət haqqında saziş imzalanıb, həmçinin onun
həyata keçirilməsi üçün bütün zəruri korporativ təsdiqlər
alınıb.
Danışıqların yekunlarına əsasən, tərəflər tərəfdaşlığın daha da
möhkəmləndirilməsinə və mövcud layihələr çərçivəsində qarşılıqlı
fəaliyyətin davam etdirilməsinə hazır olduqlarını
təsdiqləyiblər.
Xatırladaq ki, 2024-cü ilin avqust ayında “Uzbekneftqaz” və
SOCAR karbohidrogen sənayesində əməkdaşlıq barədə saziş
imzalayıblar. Bu sənədlə geoloji tədqiqatlara, o cümlədən seysmik
kəşfiyyata və Üstyurt yaylasında karbohidrogen hasilatına hazırlıq
işlərinə start verilib.
Bundan əlavə, 24 iyul 2025-ci il tarixində tərəflər məhsulun pay
bölgüsü (PSA) haqqında saziş bağlayıblar. Bu saziş yaxın 25 il
ərzində Özbəkistanın daxili neft tələbatının tam təmin olunmasını
nəzərdə tutur. Hasil edilən qaz da ölkənin daxili bazarına
yönəldiləcək və sənayeni əlçatan və keyfiyyətli neft məhsulları ilə
təmin edəcək.

