
Bakı. Trend:
Azərbaycanda Amerika Ticarət Palatası (USACC) ABŞ şirkətlərinə
Azərbaycanı regionda fəaliyyət üçün başlanğıc nöqtəsi kimi
qiymətləndirməkdə yardım göstərməyə diqqət yetirəcək.
Trend-in müxbiri xəbər verir ki, bu barədə USACC-nin icraçı
direktoru Natiq Baxışov sentyabrın 30-da Bakıda USACC-nin üzvləri
və tərəfdaşları üçün keçirilən tədbirdə bildirib.
Baxışov xatırladıb ki, palata Bakı-Tbilisi-Ceyhan neft kəməri və
Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri üzrə kommersiya
dialoqunu dəstəkləyib. Bu, Azərbaycanın beynəlxalq enerji
bazarlarında rolunun güclənməsinə və Amerika biznesi ilə daha geniş
əməkdaşlıq üçün zəmin yaranmasına töhfə verib.
“2006-cı ildən etibarən USACC şirkətlərin bir-birinin
bazarlarına birbaşa çıxışına imkan verən ticarət və tanışlıq
missiyaları təşkil edib. Kənd təsərrüfatı sahəsində 2019-cu ildə
Çikaqoda keçirilən ilk İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu
aqrar biznes və aidiyyəti qurumların nümayəndələrini bir araya
gətirib. ABŞ hökuməti və AZPROMO ilə birgə hazırladığımız Kənd
Təsərrüfatında İxrac və İnvestisiyaların Dəstəklənməsi Təşəbbüsü
ixracın inkişafı və investisiya imkanlarını da əhatə etməklə bu
əməkdaşlığı genişləndirib”, – deyə USACC-nin icraçı direktoru
bildirib.
Onun sözlərinə görə, maliyyə sahəsində 2015-ci ildə Nyu-Yorkda
Harvard Club-da keçirilən Amerika-Azərbaycan Bankçılıq və Maliyyə
Forumu iki ölkənin maliyyə sektorlarının qarşılıqlı fəaliyyəti üçün
ixtisaslaşmış platforma yaradıb.
“Bu iş 2024-cü ildə Azərbaycan Mərkəzi Bankının sədrinin
rəhbərliyi və 11 Azərbaycan bankının rəhbərlərinin iştirakı ilə
ABŞ-a ilk Azərbaycan bank missiyası çərçivəsində davam etdirilib.
2025-ci ildə keçirilən ikinci Azərbaycan bank missiyası Amerika
maliyyə qurumları və tənzimləmə sahəsində ekspertlərlə peşəkar
əlaqələrin daha da inkişafına töhfə verib”, – Baxışov qeyd
edib.
O əlavə edib ki, digər mühüm istiqamət regional əlaqəliliyin
inkişafı olub.
“2025-ci ildə Orta Dəhliz regionuna təşkil olunan Amerika biznes
missiyası çərçivəsində ABŞ şirkətləri Qazaxıstan, Azərbaycan və
Gürcüstana səfər ediblər. Görüşlər və nəqliyyat obyektlərinə
səfərlər zamanı ABŞ şirkətləri Azərbaycanın daha geniş regiondakı
rolunu qiymətləndirmək imkanı əldə ediblər”, – deyə o bildirib.
Baxışov həmçinin qeyd edib ki, COP29 ərəfəsində 2024-cü ildə
Vaşinqtonda keçirilən “yaşıl” maliyyə üzrə liderlik sammiti
dayanıqlı iqlim investisiyalarını müzakirə etmək üçün dövlət
qurumlarının, biznesin və ekspert icmasının nümayəndələrini bir
araya gətirib.
“Bu ilin martında USACC-nin 30 illiyinə həsr olunmuş
konfransımız texnologiyalar, energetika, infrastruktur və maliyyə
sahələrində müzakirələr vasitəsilə bu işi davam etdirib”, – deyə o
əlavə edib.
Baxışovun sözlərinə görə, USACC ABŞ və Azərbaycan arasında
ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə, üzv şirkətlərin
sayının artırılmasına və müxtəlif sektorlar üzrə uzunmüddətli
tərəfdaşlıqların formalaşdırılmasına çalışır.
“Energetika mühüm istiqamət olaraq qalacaq, lakin biz kənd
təsərrüfatı, texnologiyalar, istehsal, logistika və xidmətlər
sahələrində də imkanlar axtaracağıq. Regional fəaliyyətimiz ABŞ
şirkətlərinə Azərbaycanı Cənubi Qafqaz və Mərkəzi Asiya bazarlarına
çıxış üçün başlanğıc nöqtəsi kimi qiymətləndirməyə kömək göstərməyə
yönələcək”, – deyə o bildirib.
“Orta Dəhliz çərçivəsində həyata keçirdiyimiz missiyalara
əsaslanaraq, ticarətlə bağlı imkanlar da daxil olmaqla, yeni
marşrutları nəqliyyat, infrastruktur və ticarət xidmətləri
sahələrində biznesin konkret ehtiyacları ilə əlaqələndirmək
niyyətindəyik. Həmçinin proqramlarımızın nəticələrini kommersiya
nəticələrinə çevirməyə imkan verən sonrakı işi gücləndirmək
istəyirik”, – Baxışov əlavə edib.
O qeyd edib ki, maliyyə sektorunda əməkdaşlıq da USACC-nin
prioritetlərindən biri olaraq qalacaq. Palata institusional
əlaqələri gücləndirmək və beynəlxalq ticarət üçün zəruri olan
etibarlı maliyyə kanalları yaratmaq məqsədilə bank missiyalarının
və komplayens sahəsində proqramların nəticələrini inkişaf etdirmək
niyyətindədir.
“Növbəti mərhələ bizi hazırkı mərhələyə gətirib çıxaran eyni
sədaqətlə birgə işləmək bacarığımızdan asılı olacaq”, – Baxışov
bildirib.

