Türk Dövlətləri arasında hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlıq artırılacaq – Ceyhun Bayramov

Baş səhifə

Qəbələ.Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının
12-ci Zirvə Görüşü çərçivəsində ölkələrimiz arasında təhlükəsizlik
məsləhətləşmələrinin davam etdirilməsi, hərbi və müdafiə sənayesi
sahəsində əməkdaşlığın artırılması məqsədəuyğun hesab edilib.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkələrimiz arasında
hərbi müdafiə və təhlükəsizlik sahəsində geniş əməkdaşlığı nəzərə
alaraq, 2026-cı ildə Azərbaycanda TDT-na üzv ölkələrin birgə hərbi
təlimin keçirilməsini təklif edib.

Trend xəbər
verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun
Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü
çərçivəsində keçirilən mətbuat bəyanatında deyib.

O qeyd edib ki, iqtisadi əməkdaşlıq TDT-nin əsas
prioritetlərindən biri kimi təsbit olunub. Süni intellekt, kosmik
texnologiyalar və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq
dəstəklənib. Mədəniyyət və turizm sahəsində əməkdaşlıq da digər
prioritet istiqamətlərdəndir. “2026-cı il Şəki Sənətkarlıq
Festivalı mədəni inteqrasiyanı təşviq edən təşəbbüs kimi təqdir
olunub. Xalqlar arasında əlaqələrin gücləndirilməsi məqsədilə
diaspor, təhsil, gənclər, media və mədəni sahələrdə birgə
fəaliyyətlər dəstəklənib. Şuşa Qlobal Media Forumu və digər
təşəbbüslər yüksək qiymətləndirilib. Bununla yanaşı, 1926-cı il
Bakı Türkologiya Qurultayının və qurultay zamanı latın əlifbasının
qəbul edilməsinin 100 illiyi münasibətilə tədbirlərin keçirilməsi
tövsiyə olunub. Sammitdə qəbul edilən sənədlər sırasında türk
dünyasının institusional əsaslarını möhkəmləndirən və əməkdaşlıq
mexanizmlərini təkmilləşdirən, büdcə istiqamətlərini tənzimləyən
bir sıra praktik qərarlar da yer alıb. Bunların arasında TDT-class
formatının yaradılması, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının
inkişafı və gücləndirilməsi, Türkmənistanın Türk Akademiyasının və
Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusu alması barədə
qərarları xüsusilə qeyd etmək olar”, – deyə nazir vurğulayıb.