Sahibkarlar üçün daha 9 istiqamət üzrə daxili bazar araşdırması aparılıb

Baş səhifə

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü
ilə sahibkarlar üçün bazarın tələbatına uyğun olaraq 9 istiqamət
üzrə daxili bazar araşdırmaları aparılıb. Araşdırmalar aşağıdakı
sahələri əhatə edir:

  • bulqur və mərci istehsalı;
  • mebel üçün metal və plastik aksesuarlar və mexanizmlər
    istehsalı;
  • tikinti və qida məhsullarının qablaşdırılmasında istifadə
    olunan dəmir qutuların istehsalı;
  • süd və şirə məhsullarının qablaşdırılması üçün karton qutuların
    istehsalı;
  • velosiped hissələrinin istehsalı;
  • tikinti üçün izolyasiya məhsullarının istehsalı;
  • strafor (EPS – genişlənmiş polistirol) istehsalı;
  • kalsium-karbonat emalı;
  • yerfındığı məhsullarının istehsalı.

Bu sahələrdə məhsul və xidmətlər yaratmaq, eləcə də fəaliyyətini
genişləndirmək istəyən sahibkarlar KOBİA-nın www.smb.gov.az internet
saytına daxil olaraq müvafiq bazar araşdırmaları ilə tanış ola
bilərlər.




Qeyd edək ki, daxili bazar araşdırması mexanizmi üzrə dövlət
dəstəyi KOBİA tərəfindən təmin edilir. Daxili bazar araşdırması
sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü əsasında aparılır.
Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir
daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq
subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən
xərcin 50%-i dövlət tərəfindən ödənilir. Hər bir daxili bazar
araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği maksimum
20 min manatdır.

Sahibkarların müraciəti əsasında daxili bazar araşdırmasının
aparılması KOBİA-nın sifarişi ilə “Dövlət satınalmaları haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender yolu ilə
həyata keçirilir. Sahibkarlar daxili bazar araşdırmasının
aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə
formasını dolduraraq Agentliyə birbaşa və ya elektron qaydada
müraciət edə bilərlər. Agentliyin təşəbbüsü ilə aparılan daxili
bazar araşdırmaları isə sahibkarlar arasında keçirilmiş sorğuların
nəticələrinə, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ilə
əlaqədar qəbul edilmiş sənədlərə əsaslanaraq müəyyən edilir.