OPEK Fondu Azərbaycana 110 milyon dollardan çox vəsait ayırıb

Baş səhifə

Bakı. Trend:

OPEK-in Beynəlxalq İnkişaf Fondu infrastrukturun inkişafı və
kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışının
genişləndirilməsi məqsədilə Azərbaycana 110 milyon ABŞ dollarından
çox vəsait ayırıb.

Trend bu barədə
fondun məlumatına istinadən xəbər verir.

Qərar təşkilatın İdarə Heyətinin 195-ci iclasında, Afrika,
Asiya, Latın Amerikası və Karib hövzəsi, eləcə də Avropa
ölkələrində inkişaf layihələrinin həyata keçirilməsi üçün nəzərdə
tutulmuş 890 milyon ABŞ dolları məbləğində daha geniş maliyyə
paketi çərçivəsində qəbul olunub.

Dövlət sektoru üzrə Azərbaycana Sumqayıtda günə 100 min kubmetr
gücündə çirkab sularının təmizlənməsi qurğusunun tikintisi
layihəsinin həyata keçirilməsi üçün 90,4 milyon ABŞ dolları
məbləğində kredit veriləcək. Gözlənilir ki, layihə ən azı 427 min
nəfər üçün sanitariya şəraitinin yaxşılaşdırılmasına, Xəzər
dənizinin çirklənməsinin azaldılmasına və təmizlənmiş suyun kənd
təsərrüfatında təkrar istifadəsinə imkan yaradacaq.




Özəl sektor üzrə isə Azərbaycan əlavə olaraq 20 milyon ABŞ
dolları alacaq. Bu vəsait fond üçün ilk dəfə tətbiq edilən milli
valyutada sintetik kredit mexanizmi çərçivəsində təqdim olunacaq və
sistem əhəmiyyətli maliyyə institutunun dəstəklənməsinə, həmçinin
mikro, kiçik və orta biznesin kreditləşdirilməsinin
genişləndirilməsinə yönəldiləcək.

Ümumilikdə 890 milyon ABŞ dolları həcmində maliyyə paketi
infrastrukturun və nəqliyyat əlaqəliliyinin gücləndirilməsinə,
ərzaq təhlükəsizliyinin və iqlim dəyişikliklərinə dayanıqlığın
artırılmasına, eləcə də iqlim layihələrinə investisiyaların
genişləndirilməsinə yönəlib. Müxtəlif regionlarda mikro, kiçik və
orta biznesin maliyyə resurslarına çıxışının yaxşılaşdırılmasına
xüsusi diqqət yetirilir.

Qeyd edək ki, OPEK-in Beynəlxalq İnkişaf Fondu mandatına əsasən
üzv ölkələrdən maliyyəni yalnız OPEK-ə üzv olmayan ölkələrin
xeyrinə yönəldən yeganə qlobal institutdur. Təşkilat inkişaf
etməkdə olan ölkələr və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək
aşağı və orta gəlirli ölkələrdə iqtisadi artımın və sosial
tərəqqinin təşviqinə xidmət edir. Bu günədək fond 125-dən çox
ölkədə inkişaf layihələrinə 32 milyard ABŞ dollarından artıq vəsait
ayırıb, həyata keçirilən layihələrin ümumi dəyəri isə 240 milyard
ABŞ dollarını ötüb.