Moldovada Yaşayan Azərbaycanlı Gənclərin II Forumu keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
və ölkəmizin Moldovadakı səfirliyinin dəstəyi, Moldova
Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü ilə II Gənclər Forumu
keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Deputatların, dövlət rəsmilərinin, xarici ölkələrin
səfirlərinin, universitet rəhbərlərinin və soydaşlarımızın iştirak
etdiyi forum Azərbaycanın və Moldovanın Dövlət himnləri
səsləndirilməsi ilə başlayıb.

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov
forumun Zəfərimizin 5 illiyinə həsr olunduğunu, Moldovada yaşayan
azərbaycanlı gənclərin ölkənin ictimai-siyasi həyatında, mədəniyyət
və idman sahəsində aktiv fəaliyyət göstərdiklərinndən bəhs
edib.

Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev Azərbaycanda
gənclər siyasətinin təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğunu və
dövlətimizin başçısı İlham Əliyevin bu siyasəti uğurla davam
etdirdiyini diqqətə çatdırıb. Gələcək nəslin vətənpərvər ruhlu və
geniş dünyagörüşlü şəxsiyyətlər kimi yetişməsinin dövlətin gənclər
siyasətinin başlıca məqsədi olduğunu qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev
çıxışında Gənclər Forumunun Zəfərimizin beşilliyi ərəfəsində
keçirilməsini sevindirici kimi qiymətləndirib. Gənclərə diqqət və
qayğının Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin
prioritet istiqaməti olduğunu deyib. Diasporla İş üzrə Dövlət
Komitəsinin dünyada yaşayan gənclərimizin səmərəli fəaliyyəti üçün
dəstəyini davam etdirdiyini bildirib.

Daha sonra tədbirdə iştirak edən Türkiyənin Moldovadakı səfiri
Uyqar Mustafa Sertel, Moldova parlamentinin deputatları – İnsan
Hüquqları və Millətlərarası Münasibətlər Komissiyasının sədr
müavini Natalya Davidoviç, Dövlət Maliyyəsinə Nəzarət
Komissiyasının sədr müavini Yevgeni Sinkeviç, Moldovanın Təhsil və
Tədqiqatlar Nazirliyinin dövlət katibi Sergey Qurin azərbaycanlı
gənclərin Moldova cəmiyyətinə uğurlu inteqrasiyasından
danışıblar.

Forumda Moldova Azərbaycanlı Konqresinin gənclərinin ötən beş
ilə dair hesabatı dinlənilib, idman və səhiyyə sahələrində
təqdimatları izlənilib.

Tədbirin sonunda forum iştirakçıları adından Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Müraciətdə deyilir:

“Biz bir neçə gündən sonra Şanlı Zəfərimizin beşinci ildönümünü
qeyd edəcəyik. Vətən müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə
başa çatdı. Rəşadətli Ordumuz Sizin – Müzəffər Ali Baş Komandanın
rəhbərliyi ilə dövlətçiliyimizin müasir tarixinin ən şərəfli
səhifəsini yazdı. Xalqımız işğal altındakı torpaqlarını son 200
illik dövrdə ilk dəfə olaraq azad etdi. Azərbaycan gənci Sizin
rəhbərliyiniz altında məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində
döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək,
xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirdi və 44 günlük Vətən
müharibəsində Zəfər salnaməsi yazdı.

Bu şərəfi bizə yaşadan müzəffər sərkərdəmizə, qüdrətli Ali Baş
Komandanımıza – Sizə minnətdarıq.

Moldovada yaşayan azərbaycanlı gənclər Sizi bir daha əmin edir
ki, apardığınız uzaqgörən, praqmatik siyasətiniz ətrafında sıx
birləşərək Azərbaycanın inkişafında öz bilik və bacarıqlarını
əsirgəməyəcək”.