
Bakı. Trend:
Meşə yanğınlarının tüstüsü 2010-2018-ci illər arasında hər il
dünyada təxminən 100 min əlavə ölümə səbəb olub.
Bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hesabatında
bildirilib.
Qeyd olunur ki, şiddətli meşə yanğınlarının sayı artır və
nəticədə tüstünün yüksək toksikliyi insan sağlamlığı üçün ciddi
təhlükə yaradır. Mütəxəssislər faktiki ölüm sayının daha yüksək ola
biləcəyini bildirirlər.
ÜMT-nin məlumatına görə, 1990-cı illərdən etibarən dünyada meşə
yanğınları nəticəsində yaranan ekstremal tüstü hadisələrinin sayı
üç dəfə artıb. Təşkilatın ekspertləri bildirirlər ki, standart risk
qiymətləndirmə modellərində tüstünün toksikliyi tam nəzərə
alınmadığından, bununla bağlı ölüm hallarının sayı 93 faizədək az
qiymətləndirilə bilər.
ÜMT xəbərdarlıq edib ki, meşə yanğınları və isti hava
dalğalarının yaratdığı çirklənmənin artması havanın keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində beynəlxalq səylərə mənfi təsir
göstərə bilər.
Təşkilatın məlumatına görə, 2025-ci ildə təhlükəli xırda
hissəciklərin – PM2.5-in konsentrasiyası Kanadanın şimalında,
Rusiyanın bəzi ərazilərində, eləcə də Qərbi və Mərkəzi Afrikada
orta göstəricidən yüksək olub. ÜMT bunu meşə yanğınlarının artması
ilə əlaqələndirir.

