Xəritə yenidən çəkilir
Dünyanın siyasi, iqtisadi, hətta coğrafi arxitekturası fundamental transformasiya mərhələsindədir. Dünənə qədər strateji müttəfiq sayılan dövlətlər bu gün qarşıdurma xəttinin əks tərəflərində dayanır, ənənəvi geosiyasi bloklar öz sərhədlərini itirir. Bu proses abstrakt tezis deyil, Rusiya-Ukrayna müharibəsi onun ən qanlı təzahürüdür. İndi analitiklərin diqqəti get-gedə daha çox bir məqamın üstündə cəmlənir, Ermənistan Cənubi Qafqazın yeni Ukraynasına çevrilirmi?
Tarixi kök, Rusiya-Ukrayna qarşıdurmasının knyazlıq dövrünə gedən izləri
Rusiya-Ukrayna münaqişəsinin kökləri müasir tarixdən qat-qat dərinə gedir. Hər iki xalq öz milli kimliyini eyni orta əsr dövlətinə, IX-XIII əsrlərdə mövcud olmuş Kiyev Rusuna (Kiyev Rusг) bağlayır. Bu, konfliktin ilkin ideoloji mənbəyidir. Moskva Kiyev Rus dövlətini rus dövlətçiliyinin beşiyi kimi təqdim edir, Kiyev isə eyni tarixi mirası ukrayna milli kimliyinin təməli sayır.

Nəticədə iki müasir dövlət arasında “kim kimin varisidir” sualı akademik mübahisədən uzaqlaşıb, birbaşa siyasi legitimlik məsələsinə çevrilib. Bu tarixi rəqabət əsrlər boyu müxtəlif formalarda təkrarlanıb. Litva-Polşa dövründən Rusiya İmperiyasına, Sovet İttifaqından müasir dövrə qədər Ukrayna daim “kimin təsir dairəsində olacaq” sualının mərkəzində qalıb.
Bəs bu məsələ indi yenidən niyə təkrarlanır? Görünən odur ki, hazırda münaqişənin nüvəsində sadə ərazi mübahisəsi yox, kimlik və təsir dairəsi məsələsi dayanır. Bu tip münaqişələr hərbi qələbədən uzaq kimlik konsensusu ilə həll olunur, hərbi qələbə müvəqqəti fasilə yaradır. Elə buna görə də XX əsrdə bir neçə dəfə “həll olunmuş” kimi görünən bu qarşıdurma yenidən partladı.
Ermənistan, eyni ssenarinin təkrarı?
Bu tarixi modeli bugünkü Ermənistan kontekstinə görmək əsassız görünmür. Ermənistan da tarixən Rusiyanın “təsir dairəsi” (yaxın xarici) doktrinasının mərkəzi elementlərindən biri olub. İndi Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü, Rusiya hərbi bazasının (Gümrü) yerləşdiyi, Avrasiya İqtisadi İttifaqının tərkib hissəsi olan bir dövlətdir.
Lakin son illər bu formula sarsılmağa başlayıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistan, Azərbaycan və ABŞ arasında imzalanan birgə bəyannamə, Ermənistanın TRIPP layihəsi çərçivəsində Vaşinqton və üçüncü tərəflərlə əməkdaşlığa rəsmi razılıq verməsi, eləcə də İrəvanın Avropa İttifaqı ilə inteqrasiya istiqamətində atdığı addımlar, bunların hamısı Moskvada “İkinci Ukrayna ssenarisi” reaksiyanı doğurur.

Moskvanın xəbərdarlığı, rəsmi ritorikada “Ukrayna analogiyası”
Bu bənzərlik kənar analitiklərin fərziyyəsi deyil, Rusiya rəsmilərini işlətdiyi termindir. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov dəfələrlə bildirib ki, Qərb dairələri Ukraynanı və Moldovanı öz təsiri altına saldığı kimi, Ermənistanı da eyni siyasi orbitə cəlb etməyə çalışır. O, bunun “fəlakətli” nəticələr doğuracağını vurğulayıb. Bundan əlavə, Moskva Ermənistanın Avropa İttifaqına inteqrasiya istəyinin “tezliklə yoxa çıxacağını” bəyan edərək, İrəvana Avrasiya İqtisadi İttifaqı ilə Aİ arasında “ya o, ya mən” seçimi qarşısında qaldığını açıq şəkildə xatırladıb. Bu ritorik təzyiq praktiki addımlarla da müşayiət olunur. Rusiya Ermənistandan kənd təsərrüfatı məhsullarının (mineral su, meyvə-tərəvəz, spirtli içkilər) idxalını məhdudlaşdırıb. Eyni ssenari, bu, məhz Rusiyanın Ukrayna və Moldovaya qarşı əvvəllər tətbiq etdiyi “iqtisadi məcburiyyət” modelinin təkrarıdır.
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən sonrakı mətbuat konfransında Prezident Putinin Rusiyanın Gümrüdəki hərbi bazasının çıxarılmasına “hazır olduğunu” bəyan etməsi, “Ermənistan buna hazırdırmı? Biz heç nəyi zorla qəbul etdirməyəcəyik” ifadəsi əslində təzyiq strategiyasının davamıdır. Diplomatiyada seçim topunu rəsmi olaraq İrəvana ötürmək həm də ciddi xəbərdarlıqassosasiyası yaradır.

Brüsselin qarşı strategiyası, “isti qucaq” taktikası
Eyni zamanda, Avropa İttifaqı əks istiqamətdə fəal şəkildə hərəkət edir. Birmənalı şəkildə hesab etmək olar ki, bu, tam olaraq Ukrayna hadisəsindən sonra tətbiq edilən modelin təkrarıdır. Rusiyanın ticari məhdudiyyətlərinə cavab olaraq Aİ Ermənistana 50 milyon avrodan çox təcili maliyyə yardımı paketi elan edib, bunun ilk hissəsi kimi 34 milyon avro artıq ayrılıb. Paralel olaraq Brüssel Ermənistana Muxtar Ticarət Tədbirləri rejiminin tətbiqini müzakirə edir. Bu da gömrük rüsumlarından azad bazar girişini nəzərdə tutan mexanizmdir və məhz eyni rejim 2022-ci ildə Rusiyanın işğalından sonra Ukraynaya, daha əvvəl isə Moldovaya tətbiq edilmişdi.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin öz sözləri bu paralelliyi bilərəkdən vurğulayır: Moskvanın iqtisadi əlaqələri siyasi təzyiq alətinə çevirmə taktikasını “çox yaxşı tanıdıqlarını” bildirərək, bunun “qəbuledilməz” olduğunu vurğulayıb və Avropanın Ermənistanın yanında “qətiyyətlə” dayandığını elan edib. Diplomatik dildə bu addım Ukrayna ilə edilən müqayisənin rəsmi təsdiqidir.

Ukrayna analogiyası
Bu müqayisə heç də yalnız kənar müşahidəçilərin şərhi deyil. Məhz Putinin özü tərəfindən açıq şəkildə səsləndirilib. Ermənistanın aparıcı müstəqil media orqanı CivilNet 2026-cı il mayında yazırdı ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Qələbə Günü paradından sonrakı brifinqdə Ermənistanın Aİ-yə can atmasının Ukraynadakına bənzər nəticələrə gətirib çıxara biləcəyini açıq mətnlə bəyan edib: “Biz Ukraynada eyni şeyi gördük. Hər şey Ukraynanın Aİ-yə qoşulma cəhdi ilə başladı. Bu, sadəcə ilk mərhələ idi… Bütün bunlar dövlət çevrilişinə, Krımdakı və cənub-şərqi Ukraynadakı hadisələrə, hərbi əməliyyatlara gətirib çıxardı”, deyə, Putin xəbərdarlıq edib.
Bir ay sonra, iyun ayında rus mediası daha kəskin bir epizodu işıqlandırdı. Astanada keçirilən Avrasiya İqtisadi İttifaqı sammitindən sonra Putin birbaşa xəbərdarlıq edib ki, əgər Ermənistan Aİ standartlarını qəbul etsə, Moskva İrəvanla bütün iqtisadi inteqrasiyanı “dayandıracaq” və erməni vətəndaşlarının Rusiyada işləməsi üçün icazə tələb olunacaq. Rusiya Xarici İşlər Nazirliyi bundan sonra Ermənistandakı səfirini konsultasiya üçün geri çağırıb. Rusiya həyatında belə yanaşma nadir rast gəlinən sərt diplomatik reaksiya addımıdır.
Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova, Ukrayna Prezidenti Zelenskinin mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyi Sammitində iştirakından sonra bunun “Aİ-nin erməni vətəndaşları üçün hazırladığı gələcəyi göstərdiyini” bəyan edib. Bütün bunlar Ukrayna müqayisəsinin Rusiya tərəfindən nə qədər bilərəkdən və sistemli işləndiyinin əlavə sübutudur.

Qərb analitik mərkəzləri struktur bənzərliyi təsdiqləyir
Qərb ekspert dairələri də eyni paralelə tez-tez müraciət edir, baxmayaraq ki, fərqli emosional çərçivədə. Vaşinqton mənşəli CEPA (Center for European Policy Analysis) analitik mərkəzi “Russia to Armenia: Do as We Say” başlıqlı təhlilində yazır ki, Rusiya Ermənistanın Aİ-yə yaxınlaşma səylərinə qarşı “tamamilə sakit” olduğunu bəyan etsə də, bunun arxasında hədələyici alt-mətn dayanır. Ermənistanın hər iki bloka eyni vaxtda “oturmasının” mümkün olmadığını Putinin özünün vurğuladığını qeyd edir.
Avropalı təhlükəsizlik analitik mərkəzi SpecialEurasia isə “Armenia’s Foreign Policy Dilemma” adlı hesabatında xəbərdarlıq edir ki, Moskvanın əlində hələ də ciddi təzyiq alətləri qalır. Bura enerji qiymətləri, əmək miqrasiyası axını, ticarət girişi və Rusiya hərbi obyektləri aiddir. Əgər İrəvan rəsmi olaraq Aİ-yə qoşulsa və ya Rusiya hərbi bazalarının statusunu dəyişsə, bu, ciddi eskalasiya riski yaradar.
Amerika mənşəli Jamestown Foundation isə fərqli diqqəti Rusiyanın Ukrayna müharibəsi ilə məşğulluğuna yönəldir: “Rusiyanın Ukraynaya qarşı müharibəsi və Qərbin tətbiq etdiyi geniş sanksiyalar Rusiyanın Türkiyəyə qarşı çevikliyində, eləcə də Cənubi Qafqaza diqqətinin azalmasında rol oynayıb”. Yəni Ermənistanın Qərbə meyl etməsi məhz Rusiyanın Ukraynada “məşğul” olduğu bir pəncərədə baş verir, müharibə bitəndən sonra Moskvanın regiona geri qayıdıb daha sərt təzyiq göstərməsi ehtimalı yüksəkdir.
Daha kəskin formada, Ukraynanın Xarici Kəşfiyyat Xidmətinə istinadən Defense Express yazır ki, Ermənistan Baş naziri Paşinyanın 2026-cı il avqustun 24-də parlamentdə təqdim etdiyi 2026-2031-ci illər üçün strateji fəaliyyət planında Rusiya artıq strateji tərəfdaş kimi qeyd olunmayıb. Kiyevin kəşfiyyat qiymətləndirməsinə görə, bu, Moskvanın Cənubi Qafqazdakı ən mühüm dayaqlarından birini itirmək təhlükəsi ilə üzləşdiyini göstərir.

İki fərqli motivasiya, eyni struktur
Analitik baxımdan vəziyyəti belə formalaşdırmaq olar. Rusiya Ermənistanı “itirmək” istəməyərək təzyiq taktikası ilə saxlamağa çalışır, Avropa isə məhz bu təzyiqdən istifadə edərək Ermənistanı öz orbitinə cəlb etməyə can atır. Hər iki tərəfin instrumentləri fərqlidir (Moskva hərbi baza, enerji qiyməti və ticarət məhdudiyyəti leveric, Brüssel isə maliyyə yardımı və bazar girişi), amma strateji çərçivə eynidir. Ermənistan artıq neytral, “ortada qalan” dövlət kimi qəbul edilmir. Geosiyasi qütbləşmənin növbəti sınaq meydanı kimi görünür. Və bu tezisi indi həm İrəvanın özü, həm Moskva, həm də Brüssel və Vaşinqton mediası paralel şəkildə təsdiqləyir.
Doğrudur, burada Ukrayna ssenarisinin dəqiq təkrarı olacaq demək tələsik olardı. Kontekst fərqlidir. Ermənistan NATO üzvlüyü ərəfəsində deyil,. Amma struktur oxşarlığı danılmazdır, Eyni “ya-ya” seçim məntiqi, eyni iqtisadi təzyiq-kompensasiya dövranı, eyni rəsmi ritorika (“fəlakətli nəticələr” xəbərdarlığı Moskvadan, Brüsseldən “qətiyyətli dəstək” vədi) və bunu artıq Putinin özü Ukrayna ilə birbaşa müqayisə edərək dilə gətirib.
Tarix göstərir ki, iri güclərin rəqabət xətlərində qalan kiçik dövlətlər üçün “neytrallıq” adətən keçici bir statusdur. Xarici təzyiq onları seçim etməyə məcbur edir. Ukrayna bu yolu 2014-cü ildən başlayaraq keçib, nəticəsi hamıya məlumdur. Ermənistanın bu gün üzləşdiyi məqam Moskvanın xəbərdarlıq dolu “sərbəstlik” təklifi ilə Brüsselin maliyyə dəstəkli “qucaqlaşması” arasında struktur baxımdan eyni modelin başlanğıc mərhələsinə bənzəyir. Sonun necə olacağını, Ukrayna təcrübəsinin göstərdiyi kimi, əsasən daxili siyasi seçim, cəmiyyətin konsolidasiya dərəcəsi və beynəlxalq konyunkturanın təsadüfi amilləri müəyyən edəcək. Bütün bunlar isə tarixin göstərdiyi kimi, ən çətin proqnozlaşdırılan tənlikdir. Bu tənliyin tərtibində Ermənistanın illərlə Azərbaycana qarşı işğalçılıq siyasəti, ən nəhayət, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi faktorları da az rol oynamayıb.
Elnur ƏMİROV

