
Bakı. Trend:
Şimali Koreya lideri Kim Çen Inın nüfuzlu bacısı Kim Yo Çjon
Şimali Koreyanın ötən həftə iki Koreyanı ayıran demilitarizasiya
olunmuş zonada üç əsgərin yaralanmasına səbəb olan mina
partlayışlarına görə məsuliyyət daşıması barədə Cənubi Koreyanın
ittihamlarını rədd edib. Bu barədə çərşənbə günü dövlət mediası
məlumat yayıb.
Kim Yo Çjon çərşənbə axşamı yaydığı bəyanatda Seulun ittihamının
“alçaq və çirkin” olduğunu bildirib. Bu barədə KCNA xəbər agentliyi
məlumat yayıb.
Sentyabrın 21-də iki ölkəni ayıran demilitarizasiya olunmuş
zonada (DMZ) mina partlayışı nəticəsində üç Cənubi Koreya hərbçisi
yaralanıb. Onlardan biri ayağını itirib.
DMZ rəsmi olaraq demilitarizasiya olunmuş ərazi hesab edilsə də,
onun şimal və cənub hissələri dünyada ən çox minalanmış ərazilər
sırasındadır və mina partlayışları daha əvvəl də iki Koreya
arasında gərginliyə səbəb olub.
Hesablamalara görə, 1953-cü ildən Koreya yarımadasını təxminən
250 kilometr məsafədə ayıran və eni 4 kilometr olan bu bufer zonada
800 mindən çox mina yerləşdirilib. Sülh müqaviləsi olmadığı üçün
Seul və Pxenyan texniki baxımdan hələ də müharibə
vəziyyətindədirlər.
Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib ki, aparılan
araşdırmadan sonra sentyabrın 21-də baş verən partlayışlara Şimali
Koreyanın yerləşdirdiyi minaların səbəb olduğu “böyük ehtimalla”
müəyyən edilib.
“Bu, atəşkəs sazişinin açıq şəkildə pozulmasıdır və Şimali
Koreya buna görə məsuliyyət daşıdığı üçün biz müvafiq tədbirlər
görəcəyik”, – deyə Cənubi Koreyanın müdafiə naziri Kan Şin Çul
çərşənbə axşamı parlament dinləmələri zamanı bildirib.
Lakin Kim Yo Çjon Cənubi Koreyanın Şimali Koreyaya qarşı siyasi
və hərbi təxribata bəhanə yaratmaq məqsədilə saxta ittihamlar
“uydurduğunu” bildirib. Bu barədə KCNA məlumat yayıb.

