
Bakı. Trend:
Həbs qətimkan tədbirinin seçilməsi qaydalarına aydınlıq
gətirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki,
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun
növbəti iclası keçirilib.
Məhkəmə iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında
Konstitusiyanın 28-ci və 60-cı maddələri baxımından
Cinayət-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin həmin
Məcəllənin 156.1, 346.1 və 447.5-ci maddələri ilə əlaqəli şəkildə
şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın
məruzəsini, maraqlı subyektlər Azərbaycan Prokurorluğunun sorğusunu
və Milli Məclis Aparatının mülahizəsini, İnsan hüquqları üzrə
müvəkkil (ombudsman), Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikasının
Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi,
Bakı Apellyasiya Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi
tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert Bakı
Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi
kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın
rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul
edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının
28-ci və 60-cı maddələrinin təyinatı, Cinayət-Prosessual
Məcəlləsinin 155, 156.1, 157.1, 157.2, 157.5, 444.1.2 və 447.5-ci
maddələrinin tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun bu
Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi
mövqelər nəzərə alınmaqla həbs qətimkan tədbirinin seçilməsi barədə
müraciətə baxan məhkəmə şəxsin şübhəli bilindiyi və ya ittiham
olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin olub-olmamasını,
həmin şübhələrə dəlalət edən ilkin sübutların kifayət
edib-etməməsini, həbs qətimkan tədbirinin tətbiqi üçün qanunla
müəyyən olunmuş əsasların mövcudluğunu, habelə daha yüngül qətimkan
tədbirinin tətbiqinin mümkünlüyünü yoxlamalı və
qiymətləndirməlidir.
Məhkəmənin həbs qətimkan tədbirinin seçilməsi barədə qərarında
şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti
törətməsinə əsaslı şübhələrin və müvafiq qətimkan tədbirinin
tətbiqi əsaslarının mövcudluğuna dəlalət edən ilkin sübutların
kifayətedici olmamasına əsaslanması həmin şəxsin təqsirliliyi
məsələsinin məhkəmə tərəfindən qabaqcadan həll edilməsi kimi
qiymətləndirilə bilməz.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan
və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.

