
Bakı. Trend:
Həkimlər Londonun Hitrou hava limanında çamadan oğurluğuna cəhd
zamanı avtomobil parkında bibər qazından istifadə edilən insident
nəticəsində xəsarət alan 21 nəfərə tibbi yardım göstəriblər.
Trend-in
məlumatına görə, bu barədə Skotland-Yardın bəyanatında
bildirilib.
Polisin açıqlamasına görə, xəsarət alanlar arasında üç yaşlı qız
da var. Beş nəfər əlavə müayinə üçün xəstəxanaya yerləşdirilib və
onların həyatlarının təhlükədə olmadığı qeyd olunub.
Skotland-Yardın sözçüsü Peter Stevens bildirib ki, ilkin
məlumata əsasən, dörd nəfərlik qrup bir qadının çamadanını
oğurlamağa cəhd edib və ona bibər qazı olduğu ehtimal edilən maddə
çiləyib. Hadisə avtomobil parkındakı liftin içərisində baş verib və
liftdə, həmçinin ətrafında olan şəxslər zərər çəkib.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisədə
əli olmaqda şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb.

