
Bakı.Trend:
İyulun 24-nə keçən gecə Gürcüstanda ölkə miqyasında
genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib.
TASS-ın Gürcüstan Dövlət Elektrik Sistemi tərəfindən yayılan
açıqlamaya istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 00:10
radələrində ölkə üzrə elektrik enerjisinin verilişi qəza səbəbindən
dayanıb.
Nəticədə paytaxt Tbilisi ilə yanaşı Batumi, Kutaisi, Telavi,
Borjomi, Bakuriani və Zuqdidi şəhərləri də işıqsız qalıb.
Elektrik təchizatındakı pozuntularla əlaqədar Tbilisi, Rustavi
və Msxeta sakinlərinə su təchizatında mümkün problemlərlə bağlı
xəbərdarlıq edilib.
“Georgian Water” and “Power” şirkəti də ölkə üzrə elektrik
kəsintisini təsdiqləyərək bəzi şəhərlərdə su təchizatında
fasilələrin yarana biləcəyini bildirib.
Sosial şəbəkələrdə Gürcüstan Dövlət Elektrik Sistemi adından
yayılan məlumatlarda bildirilib ki, qəzanın səbəbi Gürcüstan və
Türkiyənin enerji sistemlərini birləşdirən yüksək gərginlikli
elektrik ötürmə xəttində baş vermiş nasazlıqdır.
Lakin “Pirveli” telekanalı xəbər verir ki, qurum bu məlumatı
təkzib edib. Bildirilib ki, sosial şəbəkələrdə yayılan və
genişmiqyaslı elektrik kəsintisinin səbəbini Gürcüstan-Türkiyə
elektrik ötürmə xəttindəki qəza ilə əlaqələndirən açıqlama həqiqəti
əks etdirmir.

