
Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov Vyetnam Sosialist Respublikasına səfəri
çərçivəsində Xaricdəki Vyetnamlılarla İş üzrə Dövlət Komitəsinin
sədri Nguyen Trung Kien, Vyetnam xarici işlər nazirinin müavini Le
Thi Thu Hang və mədəniyyət, idman və turizm nazirinin müavini Ta
Quang Dongla görüşüb.
Trend xəbər
verir ki, xaricdəki Vyetnamlılarla İş üzrə Dövlət Komitəsinin sədri
qonaqları səmimi salamlayaraq, Azərbaycan ilə Vyetnam arasında
siyasi-diplomatik əlaqələrin tarixinə və ölkə başçılarının
qarşılıqlı rəsmi səfərlərinə diqqət çəkib, DİDK əməkdaşlarını
Vyetnamda görməkdən məmnunluğunu ifadə edib.
O, Vyetnamda kinematoqrafiyanın əsasını qoyan azərbaycanlı
kinorejissor Əjdər İbrahimovun “Vyetnamda gördüklərim” adlı
kitabının iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm
töhfə verəcəyini söyləyib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov
Azərbaycan ilə Vyetnam arasında münasibətlərin perspektivləri,
beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları, eləcə də
Azərbaycan icmasının Vyetnam cəmiyyətinə inteqrasiyası barədə
fikirlərini bölüşüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya
azərbaycanlılarının həmrəyliyinə yönələn diaspor siyasəti haqqında
məlumat verib, Azərbaycanın Qafqaz regionundakı nüfuzunu və
beynəlxalq əlaqələrinin inkişafına verdiyi töhfələri diqqətə
çatdırıb. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun genişmiqyaslı layihələri
sayəsində ölkəmizin beynəlxalq müstəvidə artan mədəni əlaqələrinin
daha da genişləndiyini vurğulayıb.
Görüşlərdə xaricdə yaşayan azərbaycanlıların milli-mədəni
özünəməxsusluğunu qorumaq, onları vahid platformada birləşdirmək və
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə
dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor
təşkilatları ilə görülən işlərin nəticələrindən danışılıb.
Xaricdə fəaliyyət göstərən Azərbaycan Evləri, Koordinasiya
Şuraları, həftəsonu Azərbaycan məktəbləri, ixtisaslaşmış forumlar
və Komitənin dəstəyi ilə həyata keçirilən mədəni tədbirləri əhatə
edən video təqdimat böyük maraq və diqqətlə izlənilib.
130-dan çox ölkədə 6 milyondan artıq vyetnamlının yaşadığını
bildirən Vyetnam xarici işlər nazirinin müavini Le Thi Thu Hang
Azərbaycanın Vyetnam üçün etibarlı tərəfdaş və səmimi dost olduğunu
vurğulayıb. O, diaspor sahəsində formalaşan ortaq maraqların və
qarşılıqlı təcrübə mübadiləsinin xaricdə yaşayan soydaşların
təşkilatlanmasına, onların uğurlu inteqrasiya prosesinə xidmət
etdiyini bildirib.
Vyetnamın mədəniyyət, idman və turizm nazirinin müavini Ta Quang
Dong komitə sədri ilə görüşdə iki ölkə arasında mədəni və humanitar
sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini
vurğulayıb. O, Azərbaycanın diaspor sahəsində formalaşan zəngin
təcrübəsini yüksək qiymətləndirib, bu təcrübənin öyrənilməsi və
gələcək əməkdaşlıqda səmərəli şəkildə istifadəsinin vacibliyini
qeyd edib.
Müzakirələr zamanı Azərbaycanın yeni nəsil diaspora yönələn
təşəbbüsləri böyük maraq doğurub. Eyni zamanda, Azərbaycan ilə
Vyetnam arasında tarixən mövcud olan dostluq münasibətlərinin
inkişafına mühüm töhfə verən Vyetnam-Azərbaycan Dostluq
Cəmiyyətinin işinə uğurlar arzulanıb.
Rəsmi görüşlərdə iştirak edən Azərbaycan Respublikasının
Vyetnam, Laos və Kambocadakı fövqəladə və səlahiyyətli səfiri Şövqi
Mehdizadə Vyetnamdakı soydaşlarımızın hər zaman Azərbaycan
dövlətinin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Belə
görüşlərin milli dəyərlərin qorunmasına və təbliğinə mühüm töhfə
verdiyini vurğulayıb.
Görüşlər qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlər üzrə
əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi və geniş fikir
mübadiləsi ilə yekunlaşıb.

