
Bakı. Trend:
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına
Akademiyasının (Akademiya) Heydər Əliyev Muzeyində “Zəfər Günü” və
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycanda
demokratik respublika modelinin təşəkkül tarixi: dövlət rəmzlərinin
təsis edilməsindən dövlət suverenliyinin tam əldə edilməsinə aparan
yol” adlı respublika elmi-praktik konfransı keçirilmişdir.
Tədbirdə Akademiyanın və digər xüsusi təyinatlı ali təhsil
müəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyətləri ilə
yanaşı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli, Vətən müharibəsi iştirakçıları və
təhlükəsizlik orqanlarının veteranları iştirak etmişlər.
Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin Akademiyanın
ərazisində ucaldılan abidəsini ziyarət etmiş, abidə önünə gül
dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla
anmışlar.
Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər
Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni
səsləndirilmişdir.
Konfransda giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi
general-mayor Elşad Nəsirov qonaqları salamlamış və bu il noyabr
ayının 8-də xalqımızın qazandığı tarixi Zəfərdən beş il ötdüyünü
diqqətə çatdırmışdır. Zəfər Gününün Azərbaycan xalqının dövlətçilik
tarixinə milli kimliyimizin, azadlıq iradəmizin və müasir
dövlətçiliyimizin simvolu kimi qızıl hərflərlə yazıldığını qeyd
edən natiq bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin misilsiz
səyləri ilə hüquqi, demokratik dövlət quruculuğu yoluna qədəm
qoymuş müasir Azərbaycan Respublikası bu gün dövlətimizin başçısı
cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf səviyyəsinə
yüksəlmiş, həm iqtisadi, həm də hərbi-siyasi baxımdan regionun
lider dövlətinə çevrilmiş, öz ərazi bütövlüyünü və dövlət
suverenliyini tam bərpa etməyə nail olmuşdur.
Ardınca konfransın mövzusuna dair videoçarx nümayiş
etdirilmişdir.
Daha sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan
Respublikasının müasir inkişaf mərhələsinin, onun hüquqi və siyasi
sisteminin formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə sıx
bağlı olduğunu qeyd etmişdir. Ə.Hüseynli bildirmişdir ki, XX əsrin
sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycan üçün dövlət
quruculuğu, hüquqi sistemin təşkili və konstitusion əsasların
yaradılması həyati zərurətə çevrilmişdi. 1995-ci ildə qəbul edilən
Azərbaycan Respublikasının Konstitusiyası Heydər Əliyev
ideyalarının hüquqi təcəssümüdür.
Milli Məclisin Komitə sədri qeyd etmişdir ki, Heydər Əliyevin
əsasını qoyduğu güclü dövlət və ordu quruculuğu siyasəti öz
bəhrəsini verdi. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu
müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək
Azərbaycanı qalib, güclü və tam suveren dövlətə çevirdi.
Konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının
rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov Ümummilli Lider
Heydər Əliyevin Azərbaycan xalqının milli yaddaşında dövlətin
qurucusu, sabitliyin və müstəqilliyin təminatçısı kimi həkk
olunduğunu qeyd edərək, ötən əsrin 90-cı illərinin əvvəllərində
mövcud olmuş mürəkkəb tarixi şəraitdə Ulu Öndərin siyasi
iradəsinin, xalqın taleyinə məsuliyyətli yanaşmasının Azərbaycanı
dağılmaq təhlükəsindən xilas etdiyini vurğulamışdır. Q.Novruzov
bildirmişdir ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər
Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq Azərbaycan
dövlətçiliyinin yeni mərhələsini – Zəfər və Suverenlik dövrünü
yaratdı.
“Qarabağ” və “Azərbaycan bayrağı” ordenli Vətən müharibəsi
iştirakçısı polkovnik Nəsimi Şadmanov konfransda çıxış edərək Ulu
Öndər Heydər Əliyevin dövlətçiliyin əsas sütunlarını yaratmaqla
yanaşı, müasir Azərbaycan Ordusunun təməlini formalaşdırdığını qeyd
etmişdir. N.Şadmanov bildirmişdir ki, ölkə başçımızın qətiyyəti,
xalqla ordunun birliyi nəticəsində Vətən müharibəsində şanlı Zəfər
əldə edildi. 44 gün davam edən Vətən müharibəsində və lokal
antiterror əməliyyatlarında şəhidlərimiz canlarını fəda edərək,
xalqımızın azadlıq salnaməsini yazdılar.
Vətən müharibəsi iştirakçısı polkovnik Nəsimi Şadmanov həmçinin
onu da qeyd etmişdir ki, Prezident İlham Əliyevin fəaliyyəti
nəticəsində bu gün müstəqil Azərbaycanın hərbi-siyasi qüdrəti
durmadan artır, ordumuz davamlı olaraq ən müasir silahlarla təchiz
olunur, hərbçilərin sosial vəziyyəti gündən-günə daha da
yaxşılaşdırılır.
Konfransın sonunda xatirə fotoşəkli çəkdirilmişdir.

