
Bakı. Trend:
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti 2023-cü ilin may ayından etibarən xidməti
fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan
amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun
yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirib, bu
dövr ərzində normativ-hüquqi bazanın təkmilləşdirilməsi və nəzarət
mexanizmlərinin gücləndirilməsi sahəsində kompleks işlər
görülüb.
Trend
xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə
səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılmış xidməti
araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci
ilin müvafiq dövründə 143 əməkdaş (onlardan 54-ü rəhbər heyət)
barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o
cümlədən cari ildə 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılmış və
ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22,
2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 35 fakt üzrə 75 nəfər
barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi
üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
“Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi
şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə
bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 06.09.2023-cü il tarixlin 2317 nömrəli Fərmanının
icrası çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırılan
vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı dörd yararlılıq
kateqoriyası üzrə yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixindən
etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya
Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə iştirak edən
aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin
elektronlaşdırılması və bu sahədə aparılan optimallaşdırma
tədbirləri korrupsiya risklərinin azaldılmasına, idarəetmədə
operativliyin və obyektivliyin təmin olunmasına, ümumilikdə isə
fəaliyyətin şəffaflığının artırılmasına müsbət təsir
göstərməkdədir.
Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin
və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir
texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə
göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi
planlaşdırılır. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan
möhlət verilməsi”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad
edilmə”, “Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa
dair”, “Həqiqi hərbi xidmət keçmə haqqında”, “Müddətli həqiqi hərbi
xidmət barədə” və “Hərbi qeydiyyat haqqında” arayışlar “MyGov”
mobil tətbiqi üzərindən vətəndaşlara təqdim olunur.
Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı
təqdirdə 9100 Çağrı mərkəzinə və ya [email protected]
elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron
xidmətlərdən yararlanmaq və “MyGov” platformasına qoşulmaq üçün
elektron kabinetlərin yaradılması tövsiyə olunur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın
gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı
mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcəkdir.

