
Bakı.Trend:
Ailə institutunun qorunması və cəmiyyətin dəyərlərinin, sağlam
dəyərlərinin fundamentinin formalaşmasında özəl sektorun rolu
var.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bu barədə “Paşa Maliyyə
Holdinqi”nin İnnovasiyalar üzrə meneceri Ülviyyə Mehralıyeva
“Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri”
mövzusunda keçirilən Ailə Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, süni intellekt artıq fərdi səviyyədə olduğu
kimi, ailə daxilində də vaxtın formalaşması və paylanmasında mühüm
rol oynamağa başlayıb.
“Övladların öz dillərində danışan onlayn tyutorlara sahib
olması, eləcə də gündəlik kommunal ödənişlər və fəaliyyətləri
avtomatik tənzimləyən köməkçi agentlər valideynlərin vaxtına qənaət
edir. Lakin burada əsas sual qənaət edilən bu vaxtın yenidən
ailəyə, yoxsa digər sahələrə yönəldiləcəyidir ki, buna qərar verən
əsas tərəf məhz valideynlərdir.
Valideynlərlə övladlar arasında rəqəmsal bilik fərqinin artması
onların ümumi ünsiyyət sahəsini daralda bilər. Buna görə də
böyüklərin rəqəmsal savadlılığının artırılması vacibdir. Fərdi
məlumatların qorunmadan və məlumatsız şəkildə internetdə
paylaşılması ailə daxilində ciddi problemlər yarada bilər”,- deyə o
bildirib.
Ü.Mehralıyevanın sözlərinə görə, mütəxəssislər hesab edirlər ki,
texnologiya şirkətləri bazara hər hansı məhsul çıxararkən onun
yaratdığı imkanlarla bərabər potensial riskləri də nəzərə almalı və
cəmiyyətlə birlikdə bu risklərin aradan qaldırılması istiqamətində
çalışmalıdırlar.

