
Bakı. Trend:
2026-cı ilin yanvar-mart aylarında Sumqayıt şəhərində 1 ünvanda
yerləşən yaşayış komplekslərində satmaq öhdəliyi ilə kirayə
mexanizmi çərçivəsində mənzillər təqdim edilib və 235 kirayə
müqaviləsi rəsmiləşib.
Bu barədə Trend-ə İpoteka və Kredit Zəmanət Fondundan məlumat
verilib.
Belə ki, 2026-cı il aprelin 1-nə olan məlumata görə, bu mexanizm
vasitəsilə inidiyə qədər 9305 ailənin mənzil şəraiti yaxşılaşıb.
Mənzil sahibi olan vətəndaşların 60 faizindən çoxunu gənclər və
gənc ailələr təşkil edir.
Ümumilikdə, indiyədək satmaq öhdəliyi ilə kirayə mənzil
mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvanda
mənzillər təqdim edilib. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron
rayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir.
Bildirilib ki, təklif edilən mənzillər vətəndaşların istirahəti
üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə
(məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir.
Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə
olunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombi
cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz
olunub, eyni zamanda həmin mənzillərin mülkiyyət hüquqları dövlət
qeydiyyatına alınıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq,
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli
olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə
satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası davam etdirilir.

