Azərbaycan ilk dəfə İtaliyada keçiriləcək “Med Dialogues” konfransına dəvət alıb (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan ilk dəfə olaraq İtaliyada keçiriləcək “Med Dialogues”
(Aralıq dənizi Dialoqları) beynəlxalq konfransında qonaq qismində
iştirak etmək üçün dəvət alıb.

Bu barədə cümə günü Trend-ə məlumatlı mənbə bildirib.

“Bakıya dəvət noyabrın 19-21-də Neapolda keçiriləcək növbəti
konfransa hazırlıq çərçivəsində göndərilib”, – deyə mənbə qeyd
edib.

Xəbər dərc olunanadək Azərbaycan tərəfi bu məlumatı şərh
etməyib.

Qeyd edək ki, “Med Dialogues” konfransı hər il İtaliyanın Xarici
İşlər Nazirliyi və Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (ISPI)
tərəfindən birgə təşkil olunur.




Bu il 12-ci dəfə keçiriləcək konfrans Aralıq dənizi regionunun
gələcəyinə, eləcə də təhlükəsizlik, sabitlik və iqtisadi
dayanıqlılıq arasındakı qarşılıqlı əlaqəyə həsr olunacaq. Əsas
diqqət enerji, infrastruktur, ticarət dəhlizləri, təchizat
zəncirləri, investisiyalar və iqtisadi artım üçün yeni imkanlara
yönəldiləcək.

Konfransın məqsədi Avropa-Aralıq dənizi tərəfdaşlığını
gücləndirmək, geosiyasi çağırışları əməkdaşlıq, innovasiya və
dayanıqlı inkişaf imkanlarına çevirməkdir. Bu məqsədlə dövlət
qurumları, şirkətlər, investorlar, elmi-tədqiqat ictimaiyyəti və
vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun qurulması
planlaşdırılır.

Əvvəlki konfranslarda dövlət başçıları, nazirlər, yüksək
vəzifəli rəsmilər, beynəlxalq təşkilatların nümayəndələri və biznes
rəhbərləri də daxil olmaqla, 2 mindən çox beynəlxalq lider iştirak
edib. İştirakçıların əksəriyyəti Aralıq dənizi regionu ölkələrini,
eləcə də Avropa, Asiya və ABŞ-ni təmsil edib.

“MED Dialogues” konfranslarında İordaniya kralı, İraq və Livan
prezidentləri, Əlcəzair, Misir, İran, Mərakeş, Oman, Qətər,
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər
nazirləri, ABŞ dövlət katibi və digər yüksək vəzifəli şəxslər
iştirak ediblər.

Konfranslarda, həmçinin beynəlxalq təşkilatların nümayəndələri,
o cümlədən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik
siyasəti üzrə ali nümayəndəsi, Aİ-nin Aralıq dənizi regionu, Yaxın
Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndələri, BMT-nin Suriya,
Liviya və Yəmən üzrə xüsusi elçiləri, BMT-nin Qaçqınlar üzrə Ali
Komissarı, eləcə də regionda diplomatiya və əməkdaşlığın inkişafı
ilə məşğul olan digər yüksək vəzifəli şəxslər iştirak ediblər.