
Bakı. Trend:
Azərbaycanda pavlovniya ağaclarının əkilməsi üzrə investisiya
imkanlarının araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan
Biznesinin İnkişafı Fondu (ABDF), Almaniyanın “WeGrow” və yerli
“Red Valley” şirkətləri arasında əməkdaşlığa dair memorandum
imzalanıb.
Trend xəbər
verir ki, memorandum çərçivəsində ölkə ərazisində ilkin olaraq 10
min hektar sahədə pavlovniya plantasiyalarının salınması
layihəsinin iqtisadi səmərəliliyinin, investisiya potensialının və
ekoloji dayanıqlılıq göstəricilərinin qiymətləndirilməsi nəzərdə
tutulur.
Layihə çərçivəsində pavlovniya ağaclarının əsasən Salyan,
Şirvan, Sabirabad, Kürdəmir, İmişli, Beyləqan və Ağcabədi
rayonlarının meşə fondu torpaqlarının açıq sahələrində mərhələli
şəkildə əkilməsi planlaşdırılır. Prosesin hər il orta hesabla 2 min
hektar sahəni əhatə etməsi nəzərdə tutulur.
Pavlovniya sürətlə böyüyən, yüksək karbon udma qabiliyyətinə
malik və müxtəlif iqlim şəraitinə uyğunlaşa bilən ağac növü hesab
olunur. Bitki həm sənaye məqsədləri üçün – yüngül və keyfiyyətli
oduncaq istehsalında, həm də dekorativ və ekoloji landşaft
layihələrində geniş istifadə edilir. Qısa müddətdə yetişməsi və
yüksək biokütlə formalaşdırması pavlovniyanı yaşıl iqtisadiyyatın
inkişafı və karbon emissiyalarının azaldılması baxımından
perspektivli resursa çevirir.
Gələcək mərhələdə layihənin yalnız ağac əkini ilə
məhdudlaşmayaraq, ağac emalı sənayesinin inkişafını da əhatə
etməsi, bu istiqamətdə taxta emalı müəssisələrinin yaradılması və
tam dəyər zəncirinin formalaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Almaniyada fəaliyyət göstərən “WeGrow” şirkəti
sürətlə böyüyən ağac növlərinin, xüsusilə pavlovniyanın
yetişdirilməsi, karbon tutma layihələri və dayanıqlı ağacçılıq
texnologiyaları üzrə ixtisaslaşmış aqrar-ekoloji sahədə innovativ
şirkətdir. Şirkət yaşıl investisiyalar və iqlim dəyişikliklərinə
qarşı həllər sahəsində beynəlxalq təcrübəyə malikdir. “Red Valley”
şirkəti isə “Phoenix One” pavlovniya növünün Azərbaycandakı rəsmi
təmsilçisi olmaqla yanaşı, aqrar sahədə geniş praktiki təcrübəyə
malikdir.

