Azərbaycanda mina və kasetli silahların qurbanlarının sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

“Kasetli silah qurbanları” kasetli silahların tətbiq edilməsi
nəticəsində öldürülən və ya cismani zədə alan, yaxud psixi
sarsıntıya məruz qalan, iqtisadi zərərə düşən, sosial cəhətdən
təcrid olunmuş və ya öz hüquqlarını reallaşdırmaqda əhəmiyyətli
dərəcədə əziyyət çəkən bütün şəxslər nəzərdə tutulur. Bunlara
kasetli silahların birbaşa təsirinə məruz qalanlar, ailə üzvləri və
yaşadıqları icmalar daxildir.

Trend-in
xəbərinə görə, bu barədə məlumat “Minalar Əleyhinə Azərbaycan
Kampaniyası” İctimai Birliyinin kasetli sursat probleminə dair
hesabatında öz əksini tapıb.

Bildirilib ki, bu layihə çərçivəsində aparılan təhqiqat zamanı
1992–2025 illəri əhatə edən dövr ərzində Füzuli, Bərdə, Goranboy,
Beyləqan, Ağdam, Tərtər, Yevlax, Kəlbəcər, Qəbələ və Şuşa
rayonlarından, Bakı, Gəncə və Mingəcevir şəhərlərindən olan 233
mülki şəxs kasetli silah qurbanı kimi müəyyən edilib.

Kasetli silahla baş verən hadisə anında 8-i uşaq (5 qız, 3
oğlan), 13-ü qadın olmaqla 51 nəfər həlak olub, 34-ü uşaq (18 qız,
16 oğlan), 47-i qadın olmaqla 182 nəfər yaralanıb. Hadisə anında ən
kiçik zərərçəkən 5 yaşında, ən yaşlı şəxs isə 78 yaşında olub.

Bundan başqa 21 hərbçinin kasetli silah qurbanı olduğu müəyyən
edilib, bunların da iki nəfəri həlak olub, 19 nəfəri yaralanıb.




01.01.2025-31.07.2025 tarixlərində 15 mina hadisəsi nəticəsində
20 nəfərin mina və PHS qurbanı olması faktı qeydə alınıb. Həlak
olan qeydə alınmayıb. Mina və PHS partlayışları Ağdam, Ağdərə,
Cəbrayıl, Füzuli, Goranboy, Kəlbəcər, Qazax, Xocalı, Xocavənd
rayonlarının ərazisində baş verib. Zərərçəkənlərin 3 nəfəri uşaq və
gənclər olub. O cümlədən 1 nəfər qadın və 19 nəfər kişi partlayıcı
sursatlardan zərərçəkmiş kimi qeydə alınıb.

10.11.2020-31.07.2025 tarixlərini əhatə edən dövr ərzində baş
vermiş mina hadisələri nəticəsində 55 nəfəri mülki şəxs olmaqla 70
nəfər həlak olub, 160 nəfəri mülki şəxs olmaqla 332 nəfər müxtəlif
bədən xəsarətləri alıb. Onlardan 12 nəfər kasetli silah qurbanı
olub.

1991-ci ildən 31 iyul 2025-cü il tarixədək 3 400 nəfərdən çox
mina və PHS qurbanı olub. Bunların 600 nəfəri həlak olub, 2 812
nəfər yaralanıb. Qurbanların 38 nəfəri qadın, 362 nəfəri uşaq və
gənclərdir.

131 nəfər Vətən müharibəsi zamanı, 12 nəfər isə sonradan olmaqla
ümumilikdə 143 nəfər kasetli sursatların qurbanı olub.