
Bakı. Trend:
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cibutinin xarici
işlər və beynəlxalq əməkdaşlıq naziri Abdulkader Hüseyn Ömər ilə
görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi sosial media səhifəsində
məlumat paylaşıb.
Görüşdə Azərbaycan-Cibuti münasibətlərinin mövcud vəziyyəti və
inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər yüksəksəviyyəli
təmasların və siyasi dialoqun davam etdirilməsinin əhəmiyyətini
vurğulayıblar. Ticarət, iqtisadiyyat, təhsil və humanitar sahələrdə
əməkdaşlığın genişləndirilməsi, mövcud imkanlardan səmərəli
istifadə olunması məsələlərinə xüsusi diqqət yetirilib.
Nazirlər, həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT),
Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda koordinasiya
və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər. Görüşdə
Azərbaycanın 2027-ci ildə İƏT Sammitinə ev sahibliyi etməyə
hazırlığı və qarşıdakı İƏT sədrliyi ilə bağlı məsələlər də müzakirə
olunub.
Həmçinin Yaxın Şərqdə cərəyan edən təhlükəsizlik vəziyyəti
ətrafında fikir mübadiləsi aparılıb, gərginliyin azaldılmasının və
yaranmış vəziyyətin sülh yolu ilə həllinin vacibliyi
vurğulanıb.

