Azərbaycan sərhəd mühafizəsinin yaradılmasından 107 il ötür

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycanda sərhəd mühafizə orqanları əməkdaşlarının
peşə bayramı qeyd olunur.

Avqustun 18-i ölkədə sərhəd mühafizəsinin yaradılmasının 107-ci
ildönümünə təsadüf edir.

Azərbaycanda sərhəd mühafizəsinin institusional əsasının
qoyulması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.
1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin
parlamenti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd
mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul edib.

Müstəqillik dövründə sərhəd mühafizə sisteminin
inkişafı

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən
sonra milli sərhəd mühafizə sisteminin formalaşdırılması dövlət
təhlükəsizliyinin əsas istiqamətlərindən birinə çevrildi.

Bu sahədə mühüm institusional dəyişiklik 2002-ci ildə həyata
keçirildi. Prezident Heydər Əliyevin 31 iyul 2002-ci il tarixli 740
nömrəli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd
Qoşunları İdarəsinin əsasında Azərbaycan Respublikasının Dövlət
Sərhəd Xidməti yaradıldı. DSX-yə mərkəzi icra hakimiyyəti orqanı
statusunun verilməsi sərhəd mühafizə sisteminin inkişafında yeni
mərhələnin başlanğıcı oldu.

Dövlət Sərhəd Xidmətinin əsas təyinatı Azərbaycan
Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını
təmin etməkdir. Xidmət dövlət sərhədində real və potensial
təhdidlərin qarşısının alınması, sərhəd rejiminə əməl olunmasının
təmin edilməsi və qanunvericiliklə müəyyənləşdirilmiş digər
vəzifələri həyata keçirir.




DSX-nin vahid sisteminə sərhəd qoşunları, Sahil Mühafizəsi,
çevik qüvvələr, sərhəd nəzarəti, hərbi aviasiya və hərbi dəniz
hissələri, eləcə də digər təyinatlı hərbi hissə və qurumlar
daxildir.

Sərhəd təhlükəsizliyinin təmin edilməsində dəniz və hava
imkanlarının inkişaf etdirilməsi də mühüm yer tutur. 2002-ci ilin
oktyabrında sərhəd aviasiyası yaradılıb. 2005-ci il fevralın 18-də
isə sərhəd gözətçi gəmilər dəstəsinin bazasında Dövlət Sərhəd
Xidmətinin Sahil Mühafizəsi yaradılıb. Bununla Xəzər dənizində
dövlət sərhədinin və Azərbaycanın milli maraqlarının qorunması
imkanları genişləndirilib.

Azad edilmiş ərazilərdə dövlət sərhədinin
mühafizəsi

2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın ərazi
bütövlüyünün bərpası sərhəd mühafizə sistemi qarşısında da yeni
vəzifələr müəyyənləşdirdi. İşğaldan azad edilmiş ərazilərdə, o
cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədinin müvafiq
istiqamətlərində yeni sərhəd müdafiə və mühafizə infrastrukturu
yaradılıb, hərbi hissələr və sərhəd döyüş məntəqələri fəaliyyətə
başlayıb.

Hazırda Dövlət Sərhəd Xidməti Azərbaycanın quru və dəniz
sərhədlərinin mühafizəsini, sərhəd nəzarətinin həyata
keçirilməsini, sərhəd rejiminin təmin edilməsini və dövlət
sərhədinin toxunulmazlığının qorunmasını həyata keçirən əsas dövlət
qurumlarından biridir.

Dövlət Sərhəd Xidmətinə general-polkovnik Elçin Quliyev
rəhbərlik edir. O, 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin rəisi –
Sərhəd Qoşunlarının Komandanı təyin edilib.

Qeyd edək ki, Prezident Heydər Əliyevin 16 avqust 2000-ci il
tarixli Sərəncamı ilə hər il avqustun 18-i Azərbaycan
Respublikasının sərhəd mühafizəsi orqanları əməkdaşlarının peşə
bayramı günü kimi qeyd olunur.