AİB-in “Bank Respublika”ya verdiyi kreditin ödənilməsi müddəti açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Asiya İnkişaf Bankının (AİB) Azərbaycanın “Bank Respublika”
ASC-yə verdiyi kreditin ödənilməsi müddəti açıqlanıb.

AİB-in məlumatına görə, Azərbaycanda qadın sahibkarların və
aqrar sektorda fəaliyyət göstərən borcalanların maliyyələşməyə
çıxış imkanlarının genişləndirilməsi məqsədilə “Bank Respublika”
ASC-yə verilmiş 34 milyon manat məbləğində kredit vəsaiti tam
həcmdə ayrılıb. Kredit iki tranşla – 14,5 milyon manat 2026-cı ilin
dekabrında, 19,5 milyon manat isə 2027-ci ilin fevralında
ödəniləcək.

AİB-in məlumatına əsasən, kredit milli valyutada təqdim edilib
və sonradan biznes sahibi olan qadınların, həmçinin kənd
təsərrüfatı məhsullarının istehsalı, emalı və ticarəti ilə məşğul
olan borcalanların kreditləşdirilməsinə yönəldilib.

Layihə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, xüsusilə
qadınlara məxsus müəssisələrin və aqrar sektor nümayəndələrinin
maliyyələşmə çatışmazlığının azaldılmasına yönəlib.




“Layihə qadınların və aqrar sektorun borcalanlarının
maliyyələşməyə çıxış imkanlarının genişləndirilməsini dəstəkləyir”,
– bankın məlumatında deyilir.

AİB-in məlumatına görə, layihənin inkişaf məqsədlərinə nail
olunması üzrə vəziyyət “icra prosesində və plana uyğun” kimi
qiymətləndirilir.

Layihə həmçinin qadın sahibkarların və fermerlərin maliyyə
inklüzivliyinin artırılmasına, qeyri-neft sektorlarında iqtisadi
fəallığın və məşğulluğun dəstəklənməsinə, eləcə də Azərbaycanın
regionlarında iqtisadi inkişafın təşviqinə yönəlib.