Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən,
yenidən qurulan Ağdərə rayonunun Həsənriz və Ağdam rayonunun
Xıdırlı kəndlərinə respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən
ibarət növbəti köç karvanı oktyabrın 29-da yola salınıb.

Trend xəbər verir
ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 91 ailə – 366
nəfər, Ağdərə rayonunun Həsənriz kəndinə isə 17 ailə – 83 nəfər
köçürülüb.




Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda həyatlarını qurban vermiş şəhidlərimizə rəhmət
diləyiblər.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş
məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin
icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli
bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən
fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye,
energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan
yaşayır.