Ağdamda əməyin mühafizəsinə dair mediatur təşkil olunub

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi
Ağdamda media nümayəndələri üçün əməyin mühafizəsinə dair
müəssisələrə mediatur təşkil edib.

Trend xəbər
verir ki, Vətən Müharibəsinin 5-ci ildönümünə həsr olunmuş
mediaturda sosial tərəfdaş qurumların nümayəndələri olan Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi (KOBİA) də iştirak ediblər.

Mediaturun məqsədi işğaldan azad olunmuş ərazilərdə əməyin
mühafizəsi sahəsində görülən işləri, maarifləndirmə tədbirlərini və
müəssisələrdə yaradılmış təhlükəsiz iş şəraitini ictimaiyyətə
təqdim etmək olub.




İştirakçılara 2023-cü ildən başlayaraq bu sahədə həyata
keçirilən tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, yalnız
2025-ci ildə Əməyin Mühafizəsi Mərkəzi tərəfdaş qurumlarla birgə 46
tədbir keçirib və ümumilikdə 135 işəgötürən, 4 700-ə yaxın işçini
əhatə edib. Tədbirlərdə iştirakçılara əməyin mühafizəsi, iş
yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə
çalışması, həmçinin yeni dövlət standartlarının tətbiqi ilə bağlı
ətraflı məlumat verilib. Eyni zamanda dövlətin layiqli əmək
siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində
təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları
iştirakçıların diqqətinə çatdırılıb.

Mediatur çərçivəsində media nümayəndələri Ağdamda fəaliyyət
göstərən “Tabaterra” MMC, “BAFCO İnvest” MMC və “Eel Electric”
MMC-də əməyin mühafizəsi və sağlam iş mühitinin yaradılması ilə
bağlı həyata keçirilən qabaqlayıcı tədbirlərlə yerində tanış
olublar.