
Bakı. Trend:
ABŞ Dövlət Departamenti Braziliyanın 2 cinayətkar qrupunu
beynəlxalq terror təşkilatları siyahısına əlavə etmək qərarına
gəlib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Marko Rubionun yazılı
açıqlamasında bildirilib.
Qeyd olunub ki, ABŞ artıq “Comando Vermelho” (“Qırmızı Komando”)
və “Primeiro Comando da Capital” (“Birinci Paytaxt Komandosu”)
qruplarını terror təşkilatı hesab edir. Onlar iyunun 5-dən etibarən
beynəlxalq terror təşkilatlarının siyahısına əlavə ediləcək. Bu isə
cinayətkar qruplara, eləcə də onlarla əlaqəli şəxslərə və qurumlara
qarşı sanksiyalar tətbiq etmək imkanı verir.
Rubio qeyd edib ki, CV və PCC Braziliyada ən zorakı cinayətkar
qruplardan hesab olunur: “Onların minlərlə üzvü var, Braziliya
polisinə, hökumət rəsmilərinə və mülki şəxslərə qarşı hücumlar
təşkil edirlər. Onların təsiri və qanunsuz şəbəkələri Braziliyanın
sərhədlərindən kənara çıxaraq bütün regionu, hətta ölkəmizi də
təhdid edir”.
Cinayətkar qrupların terror təşkilatları siyahısına salınmasını
tənqid edən Braziliya isə hökuməti hesab edir ki, Vaşinqtonun bu
addımı ABŞ-nin ölkəyə mümkün müdaxiləsi üçün zəmin yaradır.

