Tramp Hörmüz boğazını öz şərəfinə adlandırmaq niyyətində olduğunu bildirib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını öz şərəfinə
dəyişdirmək istədiyini bir daha bəyan edib.

“Düşünürəm ki, onun adını Tramp boğazı qoyacağıq. Meksika
körfəzinin adını Amerika körfəzi ilə əvəz etdik, möhtəşəm Ontario
gölünün adını isə Amerika gölü qoyduq. Düşünürəm ki, müəyyən vaxtda
Hörmüz boğazını Tramp boğazı adlandıracağıq”, – deyə o, ABŞ
Konqresinə aralıq seçkiləri ərəfəsində Ohayo ştatında
Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı
bildirib.

“Bizim körfəzimiz var, gölümüz var, bəlkə də boğazımız olacaq.
Sizcə, mən zarafat edirəm? Meksika körfəzinin adını Amerika körfəzi
ilə əvəz edəndə hamı bunun zarafat olduğunu düşünürdü. Hamı deyirdi
ki, bu, çox gülməlidir. Amma mən dedim ki, bunu həqiqətən
edəcəyəm”, – deyə ABŞ Prezidenti əlavə edib.




Tramp həmçinin bildirib ki, hazırda Hörmüz boğazından “yeddi ay
əvvəlkindən daha çox neft keçir”. O, İranla münaqişə başa çatdıqdan
sonra benzin və neft qiymətlərinin aşağı düşəcəyini vəd edib.

Qeyd edək ki, daha əvvəl ABŞ lideri Meksika körfəzi və Ontario
gölünün adlarının müvafiq olaraq Amerika körfəzi və Amerika gölü
ilə əvəz edilməsini nəzərdə tutan fərmanlar imzalayıb. Bu
sərəncamlar federal hökumətin həmin coğrafi obyektləri necə
adlandırmasına və federal xəritələrdə onların necə göstərilməsinə
təsir edir. Bununla belə, Trampın prezidentlik müddəti başa
çatdıqdan sonra onu əvəz edən prezidentlər bu dəyişiklikləri ləğv
edən fərmanlar imzalaya bilərlər.