Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə tərəfdaşlığı yüksələn xətlə inkişaf edir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanla Mərkəzi Asiya respublikaları arasındakı
tərəfdaşlıq münasibətləri son illərdə yeni müstəviyə qədəm qoyub.
2025-ci ilin noyabr ayında respublikamızın Mərkəzi Asiya Dövlət
Başçılarının Məşvərət görüşünə tamhüquqlu üzv olması isə bu
münasibətlərə yeni strateji məzmun gətirib. Prezident İlham
Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində
keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət
Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı toxunduğu
məsələlər göstərir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında
əlaqələr ortaq maraqlar və regional əməkdaşlığın genişləndirilməsi
əsasında yeni inkişaf mərhələsinə daxil olub.

Respublikamızın Mərkəzi Asiyanın hər bir dövləti ilə
əlaqələrinin yüksək səviyyədə olduğunu son illərdə qarşılıqlı ali
səfərlərin artan dinamikası da göstərir. Məhz bu səfərlər
münasibətlərin inkişafına yeni nəfəs gətirib, dövlətlər arasında
dostluğu, strateji tərəfdaşlığı, qarşılıqlı anlaşma və etimadı daha
da gücləndirib.

Azərbaycan-Türkmənistan əlaqələrinin inkişaf dinamikası da
məmnunluq doğurur. Son illərdə iki ölkə arasında siyasi dialoqun
intensivləşməsi, qarşılıqlı səfərlərin artması və müxtəlif
sahələrdə əməkdaşlığın genişlənməsi nəticəsində münasibətlər daha
da dərinləşib. Xüsusilə nəqliyyat, enerji və ticarət sahələrində
həyata keçirilən birgə layihələr və əldə olunan razılaşmalar
Azərbaycan-Türkmənistan tərəfdaşlığının konkret fəaliyyət
istiqamətləri ilə zəngin olduğunu göstərir. Bu münasibətlər həm iki
ölkənin milli maraqlarına, həm də regionda sülhün, sabitliyin və
iqtisadi əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

“Azərbaycan-Türkmənistan münasibətləri son illərdə
dinamik şəkildə inkişaf edir.Ötən ildən başlayaraq ən yüksək
səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun
intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək
üçün qarşılıqlı niyyətimizi əks etdirir”,
– deyə Prezident
İlham Əliyev Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət
Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın işğaldan azad etdiyi
ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinə Mərkəzi
Asiya dövlətlərinin dəstəyi ikitərəfli münasibətlərin qardaşlıq,
dostluq və strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini təsdiq
edən ən mühüm məqamlardan biridir. Türkmənistan da bu məsələdə
qardaşlıq töhfəsi verən dövlətlərdəndir. Türkmənistan Xalq
Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə
Füzuli şəhərində məscidin tikintisi Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın
daha bir təzahürüdür. İndiyədək Özbəkistan tərəfindən Füzulidə
Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan tərəfindən Kurmanqazı adına
Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstan tərəfindən isə Ağdamda Manas
adına məktəb inşa olunub. Bütün bunlar Azərbaycanla Mərkəzi Asiya
dövlətləri arasındakı münasibətlərin, eləcə də Türk dünyasının
həmrəyliyinin təcəssümüdür.

Bu gün Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər
yalnız siyasi əlaqələrlə məhdudlaşmır. İqtisadiyyat, nəqliyyat,
enerji və investisiya kimi sahələri də əhatə edən geniş və
çoxşaxəli əməkdaşlıq platformaları son illərdə Azərbaycanla Mərkəzi
Asiyanı bir-birinə daha da yaxınlaşdırıb və onların vahid iqtisadi
məkan kimi çıxış etmələri üçün zəmin yaradıb. Prezident İlham
Əliyevin Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət
Başçılarının 8-ci Məşvərət görüşündə diqqətə çatdırdığı rəqəmlər
iqtisadi sahədəki əlaqələrin sürətlə artan miqyasından xəbər verir.
Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət
dövriyyəsinin 50 faizdən çox artması, hazırda ölkəmizdə Mərkəzi
Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin aktiv şəkildə
fəaliyyət göstərməsi Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi
əməkdaşlığın yüksələn nəticələrə söykəndiyini göstərir. Bu
göstəricilər qarşılıqlı iqtisadi maraqların getdikcə
genişləndiyini, biznes əlaqələrinin möhkəmləndiyini və investisiya
imkanlarının artdığını təsdiqləyir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə iqtisadi
münasibətlərinin inkişafında nəqliyyat və logistika sahəsi xüsusi
əhəmiyyət daşıyır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, müasir
nəqliyyat infrastrukturu və Şərq-Qərb, eləcə də Şimal-Cənub
istiqamətlərində formalaşdırdığı nəqliyyat infrastrukturu
Azərbaycanı Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit və logistika
tərəfdaşına çevirib. Xəzər dənizi üzərindən həyata keçirilən
daşımaların genişləndirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının imkanlarının artırılması, Orta Dəhlizin inkişafı və
“Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi Azərbaycanla
Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin daha da
dərinləşməsinə geniş imkanlar yaradıb. Keçən il Orta Dəhlizdə
tranzit yükdaşımaların həcminin 10 faizdən çox, bu ilin ilk səkkiz
ayında isə təxminən daha 20 faiz artması bu marşruta olan marağın
və onun əhəmiyyətinin getdikcə yüksəldiyini göstərir. Bu artım,
eyni zamanda, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında
nəqliyyat-logistika sahəsində əməkdaşlığın nə qədər böyük
potensiala malik olduğunu nümayiş etdirir. Orta Dəhlizin
imkanlarının genişləndirilməsi yalnız yükdaşımaların həcminin
artırılması baxımından deyil, həm də Azərbaycanı Mərkəzi Asiya ilə
Avropa arasında mühüm bağlantı nöqtəsinə çevirən strateji layihə
kimi xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, energetika
sahəsi Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında xüsusi yer
tutur. Azərbaycanın inkişaf etmiş enerji infrastrukturu və ixrac
potensialı Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışının
genişlənməsinə və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə
böyük töhfələr verir.

Məhz bu kimi amillər Azərbaycanın Mərkəzi Asiya Dövlət
Başçılarının Məşvərət görüşünə (C5) daxil olmasını şərtləndirib.
“C5” adlanan bu əməkdaşlıq mexanizminin “C6” formatına çevrilməsi
ilə artıq Azərbaycan və Mərkəzi Asiya- Avrasiya coğrafiyasının
vahid geosiyasi və geoiqtisadi məkanı kimi çıxış edirlər. Prezident
İlham Əliyevin avqust ayında Özbəkistana səfəri zamanı qeyd etdiyi
kimi, Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda,
bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və
geoiqtisadi regiondur.

Beləliklə, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında
münasibətlərin yeni mərhələyə yüksəlməsi Prezident İlham Əliyevin
həyata keçirdiyi uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir.
Azərbaycanın C6 formatında iştirakı bu münasibətləri və Türk
dünyasının birliyini gücləndirməklə yanaşı, ölkəmizin Avrasiya
məkanında strateji mövqeyini də möhkəmləndirir.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı