
Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş
direktor Aqil Qurbanov oktyabrın 1-də Türkiyə Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz
Qüvvələri komandanı ordu admiralı Ercüment Tatlıoğlu, Quru
Qoşunları komandanı ordu generalı Metin Tokel və Hərbi Hava
Qüvvələri komandanı ordu generalı Rafet Dalkıran ilə birlikdə
“ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak
edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Burada qonaqlar Türkiyə Respublikasının Müdafiə Sənayesi
şirkətlərinə məxsus stendləri ziyarət edib, nümayiş etdirilən
silah, texnika, aviasiya və uçuş vasitələri ilə tanış olublar.
Həmçinin sərgi çərçivəsində Baş direktor A.Qurbanov ölkəmizdə
səfərdə olan Latviya Milli Silahlı Qüvvələrinin Birləşmiş Qərargah
rəisi general-mayor Andis Dilans ilə görüşüb.
Görüşdə “ADEX-2026” sərgisinin müdafiə sənayesi sahəsində yeni
əməkdaşlıq imkanlarının yaradılması, qabaqcıl texnologiyaların və
innovativ həllərin müzakirəsi, həmçinin qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma olduğu qeyd
edilib.
Baş direktor A. Qurbanov və qonaq Azərbaycanla Latviya arasında
müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf
perspektivlərini müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran
bir sıra məsələlər haqqında fikir mübadiləsi aparıblar.

