Türkiyədə üç bələdiyyə sədri saxlanılıb

Baş səhifə

Türkiyədə korrupsiya işi üzrə Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçer və daha 58 şübhəli saxlanılıb.

Modern.az xəbər verir ki, saxlanılanlar arasında Yenişehir və Mezitli bələdiyyələrinin sədrləri də var. Hər üç bələdiyyə sədri müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvüdür.

İstintaqın iddiasına görə, Mersin, Mezitli və Yenişehirdə tender və satınalmalarda saxtakarlıq nəticəsində dövlət büdcəsinə yüz milyonlarla və milyardlarla lirə həcmində ziyan dəyib.

Məlumatda bildirilir ki, bundan əvvəl CHP-nin idarə etdiyi digər bələdiyyələrdə də oxşar əməllərlə bağlı araşdırmalar aparılıb. Həmin işlər üzrə vəzifəli şəxslər mütəşəkkil cinayətkar qrup yaratmaqda, ərazilərin təyinatının dəyişdirilməsi müqabilində rüşvət almaqda və podratçılara təzyiq göstərməkdə ittiham olunurlar.

Mezitli Bələdiyyəsinin sədri Ahmet Serkan Tuncer barəsində ayrıca istintaq da aparılır. O, siyasi rəqiblərə və media şirkətlərinin ofislərinə silahlı hücumlarda iştirakda ittiham olunur.