
Bakı. Trend:
Fransa 1999-cu ildə dayandırdığı kiçik çaplı sursat istehsalını
2029-cu ildən yenidən başlayacaq.
Bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyinin Silahlanma Baş
İdarəsi (DGA) məlumat yayıb.
Yeni müəssisədə illik 75 milyon ədəd 5,56×45 mm və 7,62×51 mm
kalibrli patron istehsalı nəzərdə tutulur. Zavod Drom
departamentinin Klerye şəhərində yerləşəcək.
İstehsalın ilkin mərhələsində patronların yığılması və
qablaşdırılması həyata keçiriləcək. DGA bildirib ki, layihə
Fransanın döyüş hazırlığının və yüksək intensivlikli münaqişələrə
hazırlıq imkanlarının artırılması strategiyasının bir
hissəsidir.

