
Bakı. Trend:
İçərişəhər Qoruq İdarəsinin inzibati binası eyni zamanda
maarifləndirici və ekspozisiya məkanına çevrilir.
Bu barədə “İçərişəhər” DTMQİ Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin təşəbbüsü ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində
yaradılan ekspozisiyada qədim şəhərin tarixini, memarlıq irsini və
mədəni yaddaşını əks etdirən 162 eksponat nümayiş olunur.
Ekspozisiyada İçərişəhərin tarixi simasını əks etdirən
fotoşəkillər, açıqcalar, qədim açarlar, pul nümunələri, Bakı
sakinlərinin XIX–XX əsrlərə aid fotoları, kitablar və digər nadir
materiallar yer alır. Bu eksponatlar qədim şəhərin memarlıq
xüsusiyyətlərini, sosial həyatını və mədəni mühitini daha yaxından
tanımağa imkan yaradır.
Bölmələrdən biri “Sığorta lövhələri” mövzusuna həsr olunub.
Burada XX əsrin əvvəllərinədək İçərişəhərin binalarının
fasadlarında yerləşdirilən və əmlakın, xüsusilə yanğından
sığortalandığını göstərən metal lövhələr nümayiş etdirilir. Bu
eksponatlar XIX əsrin sonu və XX əsrin əvvəllərində şəhər həyatında
formalaşan təhlükəsizlik mədəniyyəti və sığorta sisteminin inkişafı
barədə məlumat verir.
“İçərişəhər: Dünya İrsi” bölməsində qədim şəhərin UNESCO-nun
Dünya İrsi Siyahısına daxil edilməsi, beynəlxalq mühafizə
statusları və bu istiqamətdə təqdim edilmiş sənədlər nümayiş
olunur.
Nümayiş olunan materiallar sırasında tanınmış memar, İçərişəhər
sakini və memarlıq tarixçisi Elçin Əliyev tərəfindən “İçərişəhər”
Muzey Mərkəzinə hədiyyə olunan qədim açarlar və digər dəyərli
materiallar yer alır. Eksponatlar İçərişəhərin gündəlik həyat
tarixini, məişət ənənələrini və sakinlərin yaddaşını əks etdirən
nadir nümunələr sırasındadır.
Yeni ekspozisiyanın xüsusi bölmələrindən biri Ümummilli Lider
Heydər Əliyevin İçərişəhərin qorunması və gələcək nəsillərə
ötürülməsi istiqamətində həyata keçirdiyi tədbirlərə həsr
olunub.
Heydər Əliyev İçərişəhəri Azərbaycanın milli-mədəni irsinin
mühüm hissəsi kimi qiymətləndirərək, onun qorunmasına xüsusi diqqət
göstərib. Məhz onun təşəbbüsü və dəstəyi ilə İçərişəhərin
tarix-memarlıq qoruğu kimi qorunması, bərpası və inkişafı
istiqamətində mühüm addımlar atılıb.
Ekspozisiyada İçərişəhərin kino tarixindəki rolu da öz əksini
tapır. Tarixi küçələri, qala divarları və memarlıq abidələri ilə
qədim şəhər uzun illər ərzində müxtəlif bədii, sənədli və animasiya
filmlərinin çəkiliş məkanına çevrilib.
Yeni ekspozisiya İçərişəhərin keçmişi ilə bu günü arasında əlaqə
yaradan, qədim şəhərin zəngin irsini, tarixi yaddaşını və mədəni
dəyərlərini təqdim edən yeni muzey məkanı kimi ziyarətçilərin
ixtiyarına verilib.

