
Serbiyanın “Srbijagas” təbii qaz təchizatçısı aprelin 11-dən etibarən qaz paylayıcı şəbəkəyə qoşulmaq üçün ödənişin 200 avro artacağını açıqlayıb.
“Report”un Balkan bürosu xəbər verir ki, qurumun mətbuat açıqlamasında əhali üçün yeni qoşulmanın qiymətinin 980 avro təşkil edəcəyini bildirilib.
Qeyd olunub ki, qiymət son 5 ildə artırılmayıb və “Srbijagas” bu kommersiya qərarını bazarda avadanlıq və işlərin qiymətlərində baş verən əhəmiyyətli dəyişikliklər səbəbindən qəbul edib:
“Şirkət indiyədək materialların, avadanlığın, işlərin icrasının və bir çox digər xərclərin artımını öz vəsaitləri hesabına qarşılayıb. Lakin hazırda fəaliyyət göstərdiyi şəraitdə, enerji bazarında çoxsaylı çağırışlarla üzləşdiyi üçün qaz şəbəkəsinə qoşulma qiymətinin artırılması yeganə və qaçılmaz həll yolu olub”.
Qeyd edək ki, Serbiya Statistika İdarəsinin məlumatına görə, yanvar ayında ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 118 000 dinar və ya təxminən 1 000 avro olub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


