
Vaşinqton. Trend:
ABŞ İnkişaf Maliyyə Korporasiyası (DFC) Orta Dəhlizin inkişafını
irəli aparmaq üçün ABŞ Dövlət Departamenti ilə sıx əməkdaşlıq
edir.
Trend-in xüsusi
müxbirinin məlumatına görə, bunu ABŞ Beynəlxalq İnkişaf Maliyyə
Korporasiyasının idarəedici direktoru Kennet Edgel Vaşinqtonda
ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş
ABŞ-Azərbaycan ticarət və biznes konfransında bildirib.
Edgel Azərbaycanın həm İran, həm də Rusiya ilə həmsərhəd olan
yeganə ölkə kimi unikal coğrafi mövqeyini vurğulayıb və Transxəzər
Dəhlizi kimi də tanınan Orta Dəhliz çərçivəsində ortaq məqsədlərə
çatmaq üçün bunun əhəmiyyətini qeyd edib.
“Bu dəhliz Mərkəzi Asiyanı Avropa və Amerika bazarları ilə daha
da birləşdirəcək ki, bu da administrasiyanın əsas marağıdır”, –
deyə o bildirib.
O əlavə edib ki, “DFC” dəhlizin inkişafını irəli aparmaq üçün
ABŞ Dövlət Departamenti ilə sıx əməkdaşlıq edir.
Edgel regional əməkdaşlığın daha geniş iqtisadi faydalarını da
vurğulayıb. O, 8 avqustda imzalanan müqavilələrə toxunaraq regional
sabitliyin gücləndirilməsində iqtisadi əməkdaşlığın rolunu və
“sülhün həyatları xilas etdiyini və rifaha yol açdığını” qeyd edib.
“Burada “DFC”, “EXIM Bank” və “USTDA” rol oynayır”, – deyə o
bildirib.
Edgel “DFC”nin “biznes üçün açıq” olduğunu və Azərbaycanda yeni
layihələrdə iştirak etməyə hazır olduğunu bildirib.
“Strateji tərəfdaşlıqlar kağız üzərində əla konsepsiyalardır,
lakin biz konkret layihələr görmək istəyirik. Azərbaycan
bazarındakı geniş imkanlardan həyəcan duyuruq və potensial
investisiyalar və əməkdaşlıq barədə bizimlə dialoq açan bu tədbirdə
maraqlı tərəflərə minnətdaram”, – deyə o əlavə edib.


