
Bakı. Trend:
“Gürcüstan–Yaponiya Biznes Forumu 2026″da Orta Dəhlizin inkişafı
müzakirə olunub.
Trend-in Yaponiya
səfirliyinə istinadən verdiyi məlumata görə, forum Tbilisidə
Yaponiyanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstan–Yaponiya
Biznes Assosiasiyası və Yaponiyanın Xarici Ticarətin İnkişafı
Təşkilatının (JETRO) İstanbul ofisi ilə tərəfdaşlıq çərçivəsində,
aparıcı biznes institutlarının dəstəyi ilə təşkil olunub.
Bildirilib ki, forum “Yapon biznesi Gürcüstanda – Orta Dəhlizə
körpü” mövzusuna həsr edilib və investisiyalar, bərpa olunan
enerji, “yaşıl maliyyələşmə”, infrastruktur və logistika
sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə
etmək üçün hökumətin yüksək vəzifəli nümayəndələrini, eləcə də
Yaponiya və Gürcüstanın işğgüzar dairələrinin təmsilçilərini bir
araya gətirib.
“Eyni zamanda tədbir çərçivəsində Yaponiyanın Gürcüstandakı
səfirliyi ilə Gürcüstan–Yaponiya Biznes Assosiasiyası arasında
əməkdaşlıq haqqında Memorandum imzalanıb ki, bu da institusional və
biznes əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addım
olub.
Yaponiyanın Gürcüstandakı səfiri İşidzuka Hideki forumun
mövzusunun aktuallığını vurğulayaraq Gürcüstanın Orta Dəhlizin
inkişafında, xüsusilə logistika, nəqliyyat və humanitar mübadilələr
sahələrində mühüm və getdikcə artan rolunu diqqətə çatdırıb. O,
həmçinin 2025-ci ilin dekabrında irəli sürülmüş “CA+JAD Tokyo
Initiative” təşəbbüsünü xatırladıb və bu təşəbbüsün regional
əlaqəliliyin inkişafına və Gürcüstan üçün yeni imkanların
yaradılmasına töhfə verəcəyinin gözlənildiyini bildirib”, –
məlumatda vurğulanıb.
Əlavə olunub ki, Yaponiyanın Gürcüstandakı səfirliyi forumun
uğurla keçirilməsinə töhfə verən bütün tərəfdarlara, tərəfdaşlara,
məruzəçilərə və iştirakçılara səmimi təşəkkürünü bildirib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.


