
Bakı.Trend:
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə
Zülfiyyə Hüseynova Sumqayıt Musiqi Kollecinə tədris işləri üzrə
direktor müavini, Turanə Məmmədova isə Qazax Dövlət Sosial-İqtisadi
Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin
ediliblər.
Bu barədə Trend-ə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən
məlumat verilib.
Bildirilib ki, Zülfiyyə Hüseynova bakalavriat, magistratura və
doktorantura təhsilini Azərbaycan Milli Konservatoriyasında
“Musiqişünaslıq” ixtisası üzrə alıb. O, müxtəlif illərdə Şuşa
Musiqi Kollecində müəllim, Azərbaycan Milli Konservatoriyasında isə
müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Elmi-pedaqoji fəaliyyəti
çərçivəsində respublika və beynəlxalq səviyyəli konfranslarda
iştirak edib, bir sıra elmi məqalələri nəşr olunub.
Turanə Məmmədova bakalavr təhsilini “Tarix və ictimaiyyət”,
magistratura təhsilini isə “Təhsilin pedaqogikası və metodikası”
ixtisası üzrə alıb. Daha sonra təhsilini ADA Universitetində “Təlim
və tədrisin təşkili və metodikası” ixtisası üzrə davam etdirib. O,
son təyinatadək Şəmkir Rayon İcra Hakimiyyətində məsləhətçi
vəzifəsində çalışıb.


